21 may 2020 10:36
278

Karantin dönəmində sərnişin unutmamalıdır ki...

Koronavirus pandemiyası ilə mübarizədə tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılmasından sonra daha ağır iş qrafiki ilə işləyən sektorlardan biri də ictimai nəqliyyatdır. Belə ki, vətəndaşların yaşayış yerlərini SMS icazə vasitəsilə tərk etmələrinə, 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasına dair qadağa ləğv olunduqdan, bir çox iş yerlərinin fəaliyyətini yenidən bərpa etməsindən sonra ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin sayında gözəçarpacaq dərəcədə artım var. Sərnişinlər arasında yaranmış sıxlıq və məsuliyyətsizlik virusla mübarizəni xüsusilə çətinləşdirir. Sosial məsafənin gözlənilməməsi, tibbi maskadan istifadə olunmaması kimi karantin qaydalarına zidd olan davranışlara səbəb olur. Günün pik saatlarında isə vəziyyət daha da gərginləşir.

Bu baxımdan havasızlıq və sərnişin tutumunun çox olmasına görə metrolardan istifadə zamanı daha diqqətli olmaq lazımdır. Məlumdur ki, mayın 9-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib. Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar pandemiya dövründə Bakı Metropolitenin fəaliyyəti Operativ Qərargahın tələb və qaydalarına uyğun qurulacaq. Qaydalara görə, metro istifadəçiləri “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən tibbi maska taxmalıdırlar. “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə bir daha çatdırır ki, Operativ Qərargahın müvafiq metodiki göstərişlərinə, o cümlədən tibbi maskadan istifadə barədə qaydaya əməl edilməlidir.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov sözügedən mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, ilk növbədə vətəndaşlar özlərini qorumalıdırlar: “İctimai nəqliyyatda tibbi maskalardan istifadə edilməlidir. Sərnişinlər də metro və ya avtobusda olarkən əlləri ilə üzə, ağıza, buruna, gözə toxunmamalıdırlar. İmkan daxilində dezinfeksiya vasitələrindən istifadə etməlidirlər. Eskalatorlarda, qatarlarda, marşrut tutacaqlarında, pəncərə kənarlarında və insanların çox ola biləcəyi yerlərdə zəruri dezinfeksiya işləri aparılmalıdır. Terminallarda insanların məsafə saxlaması üçün xüsusi tədbirlər görülməlidir. Aidiyyəti qurumlar bununla bağlı təlimatlar və tədbirlər planı həyata keçirməlidir. Qatarlar və avtobuslar gündə bir neçə dəfə dezinfeksiya edilməli və daxildə müvafiq dezinfeksiya qurğuları quraşdırılmalıdır”.

Həmsöhbətimiz, həmçinin bildirdi ki, xüsusilə belə kritik günlərdə ictimai nəqliyyat vasitələrinə daxil olan hər bir sərnişin öz məsuliyyətini unutmamalıdır: “Sosial məsafənin qorunması həmişəki kimi çox vacib məsələdir. Burada ancaq sosial məsuliyyət məsələsi gündəmə gəlir. Sərnişinlər qatarlarda və metronun içində bacardıqları qədər sosial məsafəni qoruyub saxlamalıdırlar. Bunun üçün xüsusi nəzarət rejiminin müəyyənləşməsi və idarə olunması çox çətin bir proses olardı. Ona görə də hər kəs karantin qaydalarına əməl etməlidir. Təbii ki, bu da insanların məsuliyyətindən irəli gələn işdir. Çalışmaq lazımdır ki, sırf metrodan çox istifadə edilməsin. Digər nəqliyyat vasitələrindən də istifadə olunmalıdır. Sənişinlər çalışmalıdırlar ki, ehtiyac olmadığı halda metroya daxil olmasınlar. Koronavirusla mübarizə apardığımız günlərdə hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. İnzibati cəza metodları, cərimə üsulları və texniki maneələrdən çox insanların sosial məsuliyyəti vacib məsələdir. Əgər “Biz birlikdə güclüyük!” deyib virusla mübarizə aparırıqsa, hər kəs öz məsuliyyətini dərk etməlidir. “

Ekspert sonda onu da əlavə etdi ki, koronavirus pandemiyası ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl etmək hər bir sərnişinin borcudur. İctimai nəqliyyatda karantin qaydalarının pozulması virusun yayılmasını daha da sürətləndirə bilər. Mərhələli yumşalma tədbirlərindən sonra sərnişinlərin çoxu virus olmamış kimi davranır, əvvəlki qaydada sərbəst şəkildə, qoruyucu tədbirlərə məhəl qoymadan ictimai nəqliyyatdan istifadə edirlər. Halbuki sərnişinlər bu virusun yayılma təhlükəsinin bu gün də davam etdiyini unutmamalıdırlar. Sərnişindaşıma xidmətində dəyişikliklər gözləyir və tələbkarlıq ediriksə, o zaman bu istiqamətdə baxışlarımızı, münasibətlərimizi bir daha gözdən keçirməliyik. Xüsusən də bu münasibətlərin, sosial mühitin formalaşdığı ictimai nəqliyyat və sərnişindaşıma xidmətləri ilə bağlı sahədirsə... Çünki burada hər birimiz iştirakçıyıq. Ona görə də, belə çətin günlərdə yaranmış neqativ vərdişləri birlikdə tərgitməli, virusla mübarizə dönəmində həmrəy, intizamlı, məsuliyyətli olmağı unutmamalıyıq!

Yaqut Ağaşahqızı, “İki sahil”