14 avqust 2020 18:48
1274

Karantin rejiminin qaydalarına əməl edilməlidir

“Azərbaycanda da koronavirus yayıldığı andan etibarən bu xəstəliklə mübarizədə bir çox tədbirlər həyata keçirilib. Bunlardan biri də ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsidir.”

Bunu “İki sahil”ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə deyib.

Onun sözlərinə görə, martın 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin iştirakı ilə müşavirə keçirilib: “Məscidlərdə və ibadət ocaqlarında karantin qaydalarının şərtlərinə riayət edilməsi ilə bağlı göstəriş verilib. Mümkün qədər kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı imamlara, din nümayəndələrinə göstəriş verilib və bu göstərişlərin tərkibində yas mərasimlərinin keçirilməsi də var idi. Mart ayının 18-dən etibarən məscidlərin fəaliyyəti dayandırıldı. Bu prosesdə Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri mütəmadi olaraq cəmiyyətə qayda-qanunlarla bağlı məlumatlar verdilər və hətta Ramazan ayının keçirilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin yayımladığı tövsiyələrdə bu qayda-qanunlara əməl olunmasına nəzarət etmələri bildirildi.”

Cahandar Əlifzadə bildirib ki, məscidlərin və digər din ocaqlarının bağlanmasından sonra Dövlət Komitəsi,  Qafqaz Müsəlmanları İdarəsi və yerli icra hakimiyyətinin yanında yaradılmış qərargahlar vasitəsilə bu sahəyə nəzarət edilmişdir: “Aparılan monitorinqlər nəticəsində məscidlərdə və digər ibadət ocaqlarında karantin qaydalarının pozulması qeydə alınmamışdır. Yas mərasimləri ilə bağlı bir sıra bölgələrdə, xüsusilə də kənd yerlərində qayda pozuntuları olsa da, bunlara nəzarət olunmuş və xüsusi tədbirlər görülmüşdür. Hal-hazırda Azərbaycan ərazisində istər dindarlar, istərsə də din xadimləri tərəfindən Azərbaycan hökumətinin tərəfindən verdiyi qərarlar həyata keçirilir və hər hansı bir narazılıq yoxdur. Onlar Azərbaycan hökumətinin verəcəyi qərarları gözləyirlər.”

Röya Rasimqızı, “İki sahil”