26 iyun 2020 11:21
651

Karantin tədbirləri sərtləşdirilməli və cərimələr artırılmalıdır

Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı nitqində ölkədə koronavirus infeksiyasına yoluxması aşkar edilənlərin dinamikasından bəhs edərək bütün tələblərə baxmayaraq, bəzi insanların məsuliyyətsizlik nümayiş etdirdiklərini, olduqca sadə olan qaydalara əməl olunmadığını bildirib: “Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. ... Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik”.

Ancaq bu üç amil qapalı məkanları əhatə etdiyindən burada əhali faktorundan başqa iş yerləri, ticarət və xidmət obyektləri də iştirak edir. Başqa sözlə, tibbi maskadan istifadə etmək hələ “koronavirusdan qorunuram” demək deyil. Koronavirusa yoluxmada ictimai nəqliyyat, iş yeri, ticarət və xidmət obyeklərindəki vəziyyət də əhəmiyyətli rola malikdir. Elə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində də vaxtaşırı bildirilir ki, koronavirusa yoluxmalar əsasən ictimai nəqliyyat və ticarət obyektlərində baş verir.

Düzdür, karantin tədbirləri ilə bağlı qərarların böyük hissəsini elə bu qəbildən olan sahələrin fəaliyyətinin məhdudlaşdırılması və ya müvəqqəti dayandırılması təşkil edir. Lakin məlum olduğu kimi, əhalinin daha çox olduğu ictimai nəqliyyat, ərzaq satışı həyata keçirilən iri ticarət mərkəzləri fəaliyyətlərini davam etdirirlər. Belə sahibkarlıq subyektlərinin dezinfeksiya olunub-olunmadığı və ya olunursa da bu işin hansı səviyyədə həyat keçirildiyi bəlli deyil. Məsafə amilinə gəlincə, açıq-aşkar görünür ki, belə sahibkarlıq subyektləri bunda elə də maraqlı deyillər. Əks halda istər ictimai nəqliyyatda, istərsə də ərzaq satışını həyata keçirən iri ticarət obyektlərində məsafənin saxlanılması barədə tədbirlər görülərdi, eyni zamanda, tibbi maskadan istifadə etməyənlər içəri buraxılmazdı.

Axı, necə olur ki, indiyədək də dövlətin dəstəyindən geninə-boluna yaranlanan ölkə sahibkarlığı onun milli təhlükəsizliyinə bərabər məsələyə belə etinasız yanaşır?

Hərçənd ki, ölkədə mövcud olan biznes strukturları, xüsusilə də qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri uzun illərdir ki, dövlət dəstəyindən yararlanırlar. Onların bir çoxunun fəaliyyətinin genişlənməsinin mərkəzində ölkədə sahibkarlığın inkişafına dövlətin diqqət və qayğısı, o cümlədən güzəştli kreditlər, vergi və gömrük sahəsində güzəştlər dayanır. Digər tərəfdən, Azərbaycanda 27 ildir ki, hökm sürən siyasi sabitlik biznes strukturlarının da inkişafına xidmət edir. Başqa sözlə, siyasi vəziyyətin proqnozlaşdırıla bilən olması biznes subyektlərini böyük risklərdən qoruyur. Bütün bunların müqabilində özəl sektor belə məsələlərdə dövlət siyasətini dəstəkləməli, məsuliyyət nümayiş etdirməlidir.

Görünən odur ki, koronavirus infeksiyasının daha böyük fəsadlar yaratmasının qarşısını almaq üçün bütün cəmiyyətin səfərbər olması vacibdir. Əks halda yaranacaq fəsadların təsirindən ən çox ziyan görən sahələrdən biri iqtisadiyyat, o cümlədən hazırda biganəlik nümayiş etdirən sahibkarlıq subyektləri olacaq.

Ceyhun Piriyev,

“İki sahil”