23 iyul 2020 19:46
2392

Karantində ən çox nəyə pul xərcləyirlər?

Dünyada yayılan koronavurs infeksiyası insanların həyatında çox şeyi dəyişib. Bir çoxlarımız əvvəlki həyat tərzimizi kənara qoyub, yeni qaydalarla yaşamağa alışmışıq. Bu dəyişikliklər sırasında maddi durumumuz da yer alır: xərcimiz və gəlirimiz.

Axşam.az məşhur simalar arasında sorğu apararaq, onların pandemiya ərəfəsində ən çox nəyə pul xərclədiklərini soruşub.

Xalq artisti Röya Ayxan pulunu yaradıcılığına xərcləyib. Müğənni mahnı yazdırıb, klip çəkdirib.

Müğənni Roza Zərgərli bildirib ki, karantin günlərində pulu ən çox yeməyə gedib: "Digər tərəfdən isə ev təmizləmək üçün vasitələrə çox xərcim çıxıb. Ən az isə geyimə xərcləmişəm". 

Müğənni Elvin Abdullayev isə karantində büdcəsini düzgün idarə etməyi öyrəndiyini söyləyib: "çalışıram az xərcləyim, amma ailəm var, bir az çətindir. Ən çox övladlarıma pul xərcləmişəm. Karantin ərəfəsində heç pul xərcləmədim restoranlara. Dostlarla otururduq, nəsə yeyirdik və hesab ödəyirdik. İndi hamı bilir ki, incəsənət adamlarının gəliri yoxdur. Bir də yardımlar etdim. Bunu çəkib göstərmədim, belə şeylərlə aram yoxdur".

Rəqqasə Fatimə Fətəliyeva isə bildirib ki, pulu ərzağa çıxıb: "Pulum ərzaq mağazalarında gedib. İndi xərcləməyə başqa yer yoxdur. Əvvəl geyimə xərcləyirdim, restoranda hesab verirdim. İndi heç onlayn sifarişlər də etmirəm, pul yoxdur. Amma yeməyə hər zaman pul var. Biz son qəpiyini yeməyə xərcləyən millətik".

Müğənni Şəbnəm Tovuzlu ən çox yeməyə və idman geyimlərinə pul xərclədiyini deyib: "Bir də bu ərəfədə yardımlar etdim. Allah şahiddir ki, nə qədər ailəyə əl uzatdım. Bu ərəfədə idman geyimlərinə də pulum getdi. Əvvəlkindən fərqli olaraq karantin ərəfəsində mahnılara və geyimə pul vermədim". 

Müğənni Ceyhun Əliyev də karantin ərəfəsində qazancının olmadığını bildirib: "Pul qazananda çox xərcləyirəm. Təəssüf ki, martdan bu yana qazancım yoxdur. Aranjiman, səs yazmaq, ümumiyyətlə, studiya işləri çox pul aparır. Karantindən əvvəl də, indi də ən çox ona pulum gedib".

Müğənni Xatirə İslam isə pulunu ancaq ətə xərclədiyini söyləyib.

Müğənni Aysel Əlizadənin xərci isə fərqli olub. O, digərlərindən fərqli olaraq pullarını yeməyə yox, bitkilərə xərcləyib: "Pulum güllərə, ağaclara, boya və fırçalara getdi. Bağbanlıq etdim. Bir də mətbəxdə şirniyyat hazırlamaq üçün nə lazımdırsa onu aldım. Şirniyyat bişirməyi öyrənirdim".

Müğənni Xatun Əliyeva isə deyib ki, karantində nə qədər çalışsa da, az pul xərcləyə bilmir: "Karantin günləri hələ də davam edir və çoxu kimi mən də işsizəm. Hər şeyə bacardığım qədər az pul xərcləməyə çalışsam da, alınmır. Çünki alışdığım həyat, qurduğum düzəni poza bilmirəm. İndiki durumda yeməkdən başqa nəyəsə çox pul xərcləmək gülməlidir. Bir də mən də digər həmkarlarım kimi əlimdən gələn qədər yardım etdim. Bilmirəm bu durum nə vaxta qədər davam edəcək, amma pandemiya bizdən çox şey aldığı qədər, bəzi amilləri də öyrətdi".

Müğənni Sevda Yahayeyva isə pulunu planla xərclədiyini etiraf edib: "Nəyəsə çox və ya az xərcləmirəm. Əksinə, bu müddət ərzində planlı və məqsədyönlü şəkildə xərcləməyə çalışıram".