KÖŞƏ

Mənsumə Babayeva

Kasıb ölkənin dilənçi baş naziri

09 oktyabr 2020 18:18
1827

Bu gün işğalçı ölkə siyasi və iqtisadi böhran içərisində çabalayır. Bunu ölkənin bir sıra mütəxəssisləri və ekspertləri də təsdiq edir. Belə ki, Ermənistanın həm COVID-19-la mübarizədə nəzarəti əldən verməsi, həm də cəbhədəki son vəziyyət ölkə iqtisadiyyatında xeyli çətinliklər yaradıb. Bu iki proses fonunda Ermənistan iqtisadiyyatına ağır zərbə dəyib. Belə davam etdiyi təqdirdə ölkənin iqtisadi qaynaqlarında dərin problemlərin yaranması da qaçılmazdır. 

Onu da qeyd edək ki, pandemiya ilə əlaqədar 2020-ci ildə Ermənistanda minlərlə şəxs iş yerlərini itirib. Hazırda virus genişlənməkdə davam edir, ölkədə gündəlik yoluxanların və ölənlərin sayı durmadan artır. Xəstəxanalar pasiyentləri qəbul edə bilmir. Ölkədə ciddi şəkildə həkim və dərman qıtlığı yaşanır. Dövlət pandemiyadan zərər çəkən insanlara yardım etmək yerinə, onlar taleyin ümidinə buraxılır. Həm iqtisadi böhran, həm də epidemioloji vəziyyətin ağırlaşması artıq dözülməz həddə çatıb. Bir sözlə, işğalçı ölkə koronavirus pandemiyasının ən çox zərər vurduğu, virusla mübarizədə ortaya effektsiz mübarizə qoyan dövlətlər arasında öncül yerlərdədir.

Digər bir məsələ işğalçı dövlətin sentyabrın 27-də törətdiyi növbəti təxribatı oldu ki, bu da Dağlıq Qarabağda döyüşlərin alovlanmasından sonra ölkədəki vəziyyəti daha da ağırlaşdırıb. Beynəlxalq ekspertlərin hesablamalarına görə, sentyabrın 27-dən başlayan hərbi əməliyyat nəticəsində Ermənistana dəyən zərərin miqdarı 1,5 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Onsuz da ağır olan iqtisadi vəziyyət bu ölkədə günbəgün daha da ağırlaşır, kasıbçılıq həddi olduqca gərginləşir. Müharibədə gündəlik itkiləri 150 milyon dollar həcmində olan Ermənistanın bu vəziyyətə çox dözə bilməməsi anlamına gəlir. Digər bir tərəfdən isə müharibə nəticəsində ölkə iqtisadiyyatının xarici asılılığı güclənir, bununla da xarici borcların səviyyəsi artmaqdadır. İqtisadiyyatın bərbad günə düşməsi səbəbindən dövlət büdcəsinin icrası böyük şübhə altındadır.

Göründüyü kimi, sosial-iqtisadi vəziyyəti ağır durumda olan işğalçı ölkənin hazırkı fəlakət həddinə gəlib çıxmasının başlıca səbəbi məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və Azərbacanın bu istiqamətdə sərgilədiyi uğurlu siyasətdir. Bu gün İrəvanın üzləşdiyi iqtisadi çöküş illər öncə ümummilli lider Heydər Əliyev tərəfindən başladılan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi Ermənistanın təcrid olunma siyasətinin nəticəsidir.

Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazda əsas söz sahibinə çevrilmiş Azərbaycandan fərqli olaraq Ermənistan regional layihələrdən kənar qalıb. Əgər ölkəmiz uzun illər beynəlxalq iqtisadi təşkilatların hesabatlarında yuxarı pillələrdə göstərilibsə, Ermənistan gəliri xeyli aşağı olan, yalnız ianələr hesabına yaşayan dövlət kimi xarakterizə edilib. Təkcə bir rəqəmi qeyd edək ki, Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard dollar təşkil edib. Ermənistanda isə bu rəqəm cəmi 3,9 milyarddır. Bundan başqa, Ermənistanın iqtisadi çöküşü hərbi büdcəyə bilavasitə öz təsirini göstərir. Statistik məlumatlara nəzər yetirdikdə, Azərbaycana qarşı təxribatlara əl atmaqla müharibənin başlamasına səbəb olan Ermənistanın hərbi büdcəsi Azərbaycanla müqayisəolunmaz dərəcədə aşağıdır. Təkcə cari ilin rəqəmlərini deyə bilərik ki, 2020-ci il üçün Azərbaycanın hərbi büdcəsinin 2,4 milyard ABŞ dolları təşkil etməsi fonunda Ermənistanın hərbi büdcəsi 625 milyon dollar olub.

Statistikaya nəzər yetirsək görərik ki, iqtisadiyyatı sıfıra yaxınlaşan Ermənistanın bu gün Azərbaycan kimi güclü ölkə ilə müharibəyə qalxması heç də düzgün addım deyil. Geridə qalan 12 gün ərzində Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə məruz qalan Ermənistan ard-arda böyük itkilər verir. Azərbaycan əsgərləri qarşısında duruş gətirə bilməyən erməni hərbçilər döyüş mövqelərini qoyaraq qaçmaqla xilas olmağa çalışırlar. Hazırda İrəvanda bütün imkanlar müharibəyə yönəldilib, silah-sursat, ərzaq, dərman, hətta hərbi geyim belə tapılmır. “Hərbi forması olanlardan onları mərkəzi hərbi komissarlığa təhvil verməyi xahiş edirəm” deyən Ermənistanın baş naziri Nikol Paşinyan  “Facebook”un canlı yayımında dilənməklə özünü və ölkəsini fəlakətdən qurtara biləcəyini düşünür...