28 yanvar 2021 18:13
788

Kataloniyanın ilk nanopeyki kosmosa buraxılacaq

Martın 20-də Kataloniya kosmik yürüşü başlayacaq.

"İki sahil" xəbər verir ki, ilk nanopeyk Kataloniyanın “NewSpace” layihəsi çərçivəsində həmin gün yerli vaxtla saat 07.07-də kosmosa buraxılacaq. Jeneralitet (Kataloniya muxtar icmasının ali idarəetmə orqanı) bu layihə vasitəsilə iqtisadiyyatı bərpa etməyi planlaşdırır.

Ən fəal və Kataloniyada rabitənin qismən yaxşılaşdırılması üçün nəzərdə tutulan bu ilk nanopeyk Qazaxıstandakı Baykonur kosmodromundan buraxılacaq. Jeneralitetin rəqəmsal siyasət və dövlət idarəçiliyi üzrə regional naziri Jordi Puçnero bu həftənin çərşənbə günü ilk iki nanopeykin tikintisi və buraxılması ilə bağlı sazişləri imzalayıb. Hökumət bu nanopeykləri “Sateliot” və “Open Cosmos” şirkətləri vasitəsilə orbitə çıxaracaq.

Hökumət ikinci nanopeyki 2021-ci ilin sonunda, yaxud 2022-ci ilin əvvəlində buraxmaq niyyətindədir. Kataloniya hökuməti 4 il ərzində bu layihəyə ümumilikdə 18 milyon avro xərcləməyi planlaşdırır.

Yaxın 5 ildə bu növdə 3500-dən artıq peyklərin buraxılması gözlənilir. Beləliklə, bu sahə ildə təqribən 4 milyard avro həcmində mal dövriyyəsinə çatanadək hər il 20 faiz sürətlə artacaq.