06 sentyabr 2019 11:20
100

Katherine Marroya təltif edilib - FOTO

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 24 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olunan Azərbaycan və Fransa beynəlxalq arxeoloji ekspedisiya layihəsinin rəhbəri Katherine Marroya nişanın təqdimetmə mərasimi keçirilib.

Əvvəlcə Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ölkəmizdə tarixi abidələrimizin, maddi-mədəniyyət irsimizin qorunması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bu sahədə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran alim müvafiq sərəncamlara əsasən yaradılan tarixi qoruqlardan, maddi-mədəniyyət irsimizin tədqiqi üçün ayrılan maliyyə vəsaitindən, abidələrin mühafizəsi və elmi araşdırmalar üçün yaradılan böyük imkanlardan danışıb.

“Xalqımızın qədim dünyagörüşünün, mədəniyyətinin göstəricisi olan maddi-mədəniyyət abidələrimizə qayğı Naxçıvanda da uğurla davam etdirilir və Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin birbaşa nəzarəti altındadır”- deyə bildirən İsmayıl Hacıyev muxtar respublikada bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirləri diqqətə çatdırıb.

İsmayıl Hacıyev Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyətindən də bəhs edərək bildirib ki, ekspedisiyanın muxtar respublikanın bir neçə qədim yaşayış yerində apardığı tədqiqatlar nəticəsində Neolit, Eneolit və Tunc dövrünə aid I və II Kültəpə, Ovçulartəpəsi, Oğlanqala, Duzdağ, Uçan ağıl, Şorsu və digər abidələrdə qədim, orta və bugünkü tariximizin yazılması üçün əhəmiyyətli tarixi materiallar əldə edilib. Araşdırmaların nəticələri ilə bağlı çoxlu sayda  kitablar, monoqrafiyalar, albom-kitablar, jurnallar, buklet və elmi məqalələr çap edilib, məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Sonra Bölmə sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanını Katherine Marroya təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Katherine Marro Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova əməyinə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonda AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev və Fəxrəddin Səfərli çıxış edərək bildiriblər ki, Bölmə əməkdaşları və arxeoloqlar daim öz üzərilərində dövlətin qayğısını hiss edirlər. Katherine Marronun “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilməsi bu qayğının növbəti təzahürüdür.

Nərgiz Nəcəfli