14 yanvar 2020 16:25
543

"Keşlə"nin futbolçusu: Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır

“Düşünürəm ki, mövsümün ilk yarısını yaxşı nəticə ilə başa vurduq. Əsas məqsədimiz ilk "3-lük"də qərarlaşmaq idi və bunu da bacardıq. Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır". Lakin çempionatın ilk yarısını unudub, qarşıdakı 14 oyun haqqında düşünməliyik. Qış transfer dönəmində rəqiblərimiz güclənir, qarşıda bizi çətin oyunlar gözləyir".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin futbolçusu Slavik Alxasov klubun rəsmi saytına açıqlamasında deyib. 

27 yaşlı cinah müdafiəçisi Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı barədə də danışıb: "Yanvarın 5-də Bakıda toplaşdıq, əsasən fiziki məşqlərə üstünlük verdik və artıq iki gündür ki, məşqlərimizi Antalyada davam etdiririk. Komandamızın hər bir futbolçusu baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışır. İnanırıq ki, mövsümün ikinci yarısında da uğurlu çıxışımızı davam etdirəcəyik. Əlbəttə, sevindirici haldır ki, qışda heyətdə köklü dəyişikliklər olmamadı. Yalnız 1 futbolçu - Şohruh Qadoyev transfer olundu və o da olduqca istəkli şəkildə komandaya qoşulub və “Keşlə” üçün əlindən gələni edəcək".

Alxasov 2018-2019 mövsümünün "Keşlə" üçün uğursuz olduğunu, lakin həmin mövsümü unutduqlarını söyləyib: "Futbolçular, məşqçi heyəti və rəhbərlik bir ailə olaraq qoyulan məqsədə doğru inamla gedirik".

Qeyd edək ki, "Keşlə" yanvarın 17-də Almaniyanın III Liqa təmsilçisi "Tsvikkau" ilə yoxlama oyunu keçirəcək. Tərlan Əhmədovun baş məşqçi olduğu kollektivi bundan 5 gün sonra Rusiyanın "Arsenal" (Tula), yanvarın 24-də Slovakiyanın "Zemplin" komandası sınağa çəkəcək.