01 fevral 2019 11:03
817

Kiber məkanda qlobal hücüm təhlükəsi

Kiberməkan nədir?

Kiber məkan dedikdə ilk növbədə kompyuterlər və kompyuter yaddaşı vasitəsilə dünyada istifadə edilən açıq məkan anlayışı nəzərdə tutulur. Məlumatlara əsasən, kiber məkan terminindən ilk dəfə 1984-cü ildə Uilyam Qibsonun “Yanan Xrom” (“Burning Chrome”) romanında istifadə edilmişdir. Fransız filosofu Pyer Leviyə görə, kiber məkan hamar, yüksək dəqiqliyi ilə seçilən, interaktiv və virtual şəkildə real zamanda emal olunan məkandır. Bu məkan informasiyanın alınmasına, ötürülməsinə, modelləşdirilməsinə və qeydiyyatına imkan yaradır.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) son hesabatına görə, dünyada əhalinin yarısı internetdən istifadə edir. İnkişaf etmiş ölkələrdə onlayn populyasiyası ümumi əhalinin 80 faizindən artıqdır. Lakin, eyni zamanda, inkişaf etməkdə olan ölkələrdə də oylayn istifadəçilərin sayı davamlı şəkildə artmaqdadır. Əgər bu göstərici 2005-ci ildə 7.7 faiz təşkil edirdisə, hazırda bu rəqəm 43.5 faizlə ölçülür. BTİ-nin bildirdiyinə görə, Afrika regionu ən yüksək artıma malikdir. Afrikada 2005-ci ildə əhalinin 2 faizi internetdən istifadə edirdisə, 2018-ci ildə bu göstərici 25 faiz təşkil edib. Hesabatda deyilir ki, ən aşağı artım Avropa və Amerikalarda müşahidə edilir. Ən aşağı istifadə göstəriciləri isə Asiya Sakit okeanı hövzəsinin payına düşür. Hazırda Azərbaycan əhalisinin 78 faizinin internetə çıxışı var. Onların 56 faizi ev şəraitindəki internetdən, 55 faizi isə mobil internetdən istifadə edir.

Hakerlər - kiber məkanın təhlükəli hücumçuları

Müasir dövrün əsas təhlükələrindən biri də məhz kiber hücumdur. Kiber məkanda təhlükə yeni bir hadisə deyildir. Müasir kiber məkan milli təhlükəsizlik baxımından müdafiə sisteminin yaradılması zərurətini doğurur. Çünki bir çox vacib sahələrin idarə olunması və istifadəsində kompyuter, internet texnologiyasından geniş istifadə olunur və bu, hər an həmin sistemlərin kiber hücumlar nəticəsində sıradan çıxmasına gətirib çıxara bilir. Hakerlər (Hacker ingilis sözüdür, hack - yarmaq, sındırmaq deməkdir. İlk dövrlərdə haker daha çox proqramlaşdırmanı yüksək dərəcədə aparan bir şəxs kimi başa düşülürdü. Lakin illər keçdikcə haker sözü daha çox kompyuter haqqında geniş biliklərini qeyri-qanuni və zərərverici fəaliyyətə sərf edən cinayətkar kimi başa düşülməyə başlanıldı) vacib dövlət sistemlərini, eyni zamanda, hərbi sistemləri də iflic etmək iqtidarındadırlar. Onlarla mübarizədə dövlətlər bəzən acizdirlər.

Qeyd edək ki, hakerlər ilk dəfə ötən əsrin 60-cı illərində ABŞ-ın Massaçusets ştatındakı texnologiya institutunda süni zəka laboratoriyalarında ortaya çıxıb. 70-ci illərdə geniş yayılan telefon sistemlərinə icazəsiz daxilolmalar 80-ci illərdə kompyuter sektorunda da özünü göstərməyə başladı. 80-ci illərdə kompyuterlərdə elektronik nəşriyyat sistemi olan BBS istifadə edilirdi. 80-ci illərdə haker qrupları artmağa başladı və ABŞ-da “Legion of Doom”, Almaniyada “Chaos Computer Club” kimi qruplar ortaya çıxdı. Hökumətin və şirkətlərin kompyuterlərinə icazəsiz girişlərin artması ABŞ Konqresini konkret addımlar atmağa məcbur etdi. Nəticədə Konqres “hack” etməyi cəzalandıran bir qanun hazırladı. Ancaq qanun müəyyən yaşdan aşağı olanlara şamil olunmurdu.

Kornell Universitetində oxuyan və atası Milli Təhlükəsizlik Bürosunda işləyən Robert Morris adlı 23 yaşlı gənc hökumətə məxsus ARPANET (bugünkü internetin “ata”sı) məlumat şəbəkəsinə özünü kopyalayan bir virus yerləşdirdi. Virus 6000 kompyuterlik məlumat şəbəkəsində sürətlə yayıldı, hökumət və universitetlərin kompyuterlərinə girişi bağladı. R.Morrisin 1988-ci ildə internet mühitində yerləşdirdiyi virus bir çox kompyuteri istifadə edilməz hala gətirdi. R.Morris Kornell Universitetindən xaric olundu, üç il nəzarətdə saxlanıldı və 10 min dollar cərimələndi.

1990-cı ildə ABŞ xüsusi xidmət orqanları uzun araşdırmalardan sonra 14 şəhərdə böyük bir “haker əməliyyatı”na başladılar. Əməliyyatda kompyuter, kredit kartı və telefon saxtakarlığı edən çoxlu sayda adam həbs olundu. Bu əməliyyat haker qruplarına böyük zərbə vurdu. Eyni zamanda, hakerlərin əfv qarşılığında bir-birlərini satmaları onlar arasında bir bölünməyə gətirib çıxartdı. Bu əməliyyat tarixdə “Sundevil əməliyyatı” kimi qaldı.

1990-cı illərdə Mərkəzi Kəşfiyyat İdarəsi, NASA və Pentaqon kimi ABŞ-ın mühüm təşkilatlarının kompyuter sistemləri, ya da veb-saytları dəfələrlə “hack”landı. O illərdə 30 yaşında olan David Smit Las Vegasda sevgilisi Melissanın adını verdiyi virusla dünyanın hər yerində özünü tanıtdı. Dünya səviyyəli 300 şirkətin məlumatlarının tamamilə silinməsinə gətirib çıxaran bu virus ümumilikdə 400 milyon dollarlıq ziyanla nəticələndi. Tutulan Smit beş il həbsə məhkum olundu. “Windows 98” əməliyyat sisteminin bazara çıxışından sonra 1999-cu il “təhlükəsizlik və hack ili” oldu. Əməliyyat sistemində çox sayda təhlükəsizlik boşluğu ortaya çıxdı və kompyuterləri hakerlərdən qoruyan məhsullar bazarı meydana gəldi.

Qeyd edək ki, müasir dövrümüzdə hər dəqiqə kiber məkanda 500 milyon hücum təşkil edilir, 95 faiz belə hücumun səbəbinin qazanc olduğu müəyyənləşib. Dünyanın nəbzinin vurduğu kiber məkan, internet saytları, sosial şəbəkələrdəki səhifələr münaqişə məkanına, əksər məsələlərin həll olunduğu müstəviyə çevrilir. Bir sıra dövlətlər informasiya üstünlüyünü təmin etmək məqsədi ilə öz məlumatlarını qorumaqla, rəqibin şəbəkələrinə zərər vurmaq üçün müəyyən vasitələrə əl atırlar və bunun bəzən çox ağır nəticələri olur. Ona görə də kiber məkandan gələ biləcək hər hansı bir təhlükədən qorunmaq üçün özünümüdafiə sistemi hər zaman çevik reaksiya vermək fazasında olmalı, müdafiə üçün isə kiber məkanın, internetin, sosial şəbəkələrin yaratdığı imkanlardan səmərəli və düşüncəli şəkildə istifadə edilməlidir.

Sevinc Azadi, “İki sahil”