09 fevral 2020 16:24
645

Kiçik çilləni yarı edən Xıdır Nəbi bayramı

Xıdır və yaxud Xıdır Nəbi bayramı Naxçıvanda xalq təqvimi ilə bağlı yaranmış bayramlardan biridir. El arasında Xıdır Nəbi “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü qeyd edilir.

Fərqli günlərdə keçirilən bayram

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov deyib ki, Kiçik çillə yanvar ayının 31-dən fevral ayının 19-na qədər olan dövrü əhatə etdiyindən Xıdır bayramı fevralın 9-da kiçik çillənin yarı olduğu gündə keçirilir. Naxçıvan Muxtar Respublikasının bəzi şəhər və kəndlərində bu bayramın fərqli günlərdə keçirildiyinə də şahid oluruq.

Əski türk inancı

Bayramın nəyə görə məhz fevralda, qışın ən sərt günlərində keçirildiyini də izah edən alimin deyib ki, qışın bu dövründə, insanların tədarük etdikləri ərzaq, yem, yanacaq ehtiyatı azalır. Bu vaxt Xızır Peyğəmbərin çağırılması onun yardımına böyük ehtiyacla bağlıdır. Əldə olan materiallara əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan, istilik hamisi olan Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, İslamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevral ayının 9-u qeyd olunmalıdır.

Səliqəsiz evə Xızır gəlməz

Novruz bayramında olduğu kimi Xıdır Nəbi bayramına da bir neçə gün qalmış hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır gəlməz, Xızır gəlmədiyi ev, ailə isə dərd-bəladan qurtulmaz. Bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Qıvraq, Şahtaxtı) Günəşi çağırmaq anlamında, Günəşin, yazın rənginə uyğun olaraq yumurtalar qırmızı rəngə boyanılır.

Qovut dadlı Xıdır

“Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə Günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər. Bildirmək istərdim ki, Naxçıvan bölgəsində Günəşi çağırmaq anlamında Qodu mərasimi (Novruz bayramı ərəfəsində) keçirilir”, - deyən Asəf Orucov qeyd edib ki, qovurulmuş buğdadan (qovurğadan) qovut hazırlanır, yəni qovurğa kirkirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovutu quru yemək çətin olduğundan ona bir az şərbət və ya doşab əlavə edib ovurlar. Qovurğa ilə bərabər bayram günü badam, noxud, günəbaxan tumu qovurulur, hazırlanan qarışığa iydə, kişmiş, mövüc və başqa çərəzlər də qatılır. Plov (aş) süzülür, xəşil bişirilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Maraqlıdır ki, Xıdırda plov hazırlamaq, şam yandırmaq adəti Naxçıvan Muxtar Respublikasının hər tərəfində qeydə alınmayıb.

Uşaq sevinci

Xıdır Nəbi bayramında ən çox sevinən, təbii ki, uşaqlardır. Novruz bayramında olduğu kimi bu bayramda da uşaqlar hava qaralan kimi qapılara gedib, torba, papaq atır, Xıdırın payın yığırlar. Pay gözləyən balacaların deməyə sözləri də var:

Xıdıra xıdır deyərlər,

Xıdırın payın verərlər.

və yaxud:

Çatma, çatma çatmaya,

Çatma yerə batmaya.

Xıdırın payın kəsənin

Ayağı yerə çatmaya.

Bu səsə çıxan ev sahibi torbalara müxtəlif növ şirniyyat, çərəzlər qoyub uşaqları yola salar.

Xalq arasında “Xıdır girdi, qış girdi” deyimi özünü doğruldur

Xıdır həm də istilik və odla bağlıdır. Belə ki, süfrəyə gətirilən aşın kənarlarına şam qoyurlar. Bu şamların qoyulması və yaxud:

Xıdıra Xıdır deyərlər,

Xıdıra çıraq qoyarlar, – deyimi də odla, istiliklə, istiliyi çağırmaqla əlaqəlidir. Bu, eyni zamanda qışın şaxtasının, soyuğunun odla, isti ilə gedəcəyinə, torpağın isinib oyanacağına işarədir. Od, istilik, xız yazın gəlməsinin əlamətləridir. Həm də bu dövr qışın ən soyuq günlərindən biridir. Xalq arasında “Xıdır girdi, qış girdi” kimi deyim də mövcuddur.

Asəf Orucov bildirib ki, Xıdır Nəbi Orta Asiya mədəniyyəti (şamanizm), əski Anadolu mədəniyyəti (bolluq, bərəkətlik ayinləri, ölümsüzlük), İslam mədəniyyəti (Xızır İlyas motivi), Azərbaycan mədəniyyəti (çətinlikdən qurtarmaq, Günəşi çağırmaq) və sairdən birləşərək yaranan bir şənlik törənidir.

Gələcək xoş günlərin müjdəçisi

Toplanmış etnoqrafik materiallardan məlum olur ki, muxtar respublikanın bir sıra kəndlərində (Qıvraq, Kükü, Yuxarı Qışlaq) Xıdır bayramı günü xına yaxmaq adəti mövcuddur. Qızlar, gəlinlər bütün barmaqlarına, oğlanlar isə çeçələ barmaqlarına xına yaxarlar. Hazırlanmış xınadan bir qab pay götürüb (Xıdır payı) bayıra qoyurlar ki, Xızır gəlib əlinə yaxsın.

Mənbələrə əsaslanaraq demək olar ki, xına çox qədim dövrlərdə Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntıdan, yasdan çıxmaq rəmzidir. Bölgəmizdə də həmin günü xınanın qoyulması sərt qışın, ağır günlərin artıq arxada qaldığı, qarşıdan xoş günlərin, istiliyin gəldiyi anlamını verir.