11 iyun 2019 15:40
535

Kinostudiyalarda qaynayan həyat

1929-cu ildə Şimali Amerikanın kino sənayesi beş böyük studiyanın əlində cəmləşmişdi. Bunlar “Paramount”, “Metro Goldwyn Mayer” “Fox”, “Warner Bros” və “R.K.O” idi. Bunlardan bir qədər kiçik olanlar “Columbia”, “United artists” və “Universal” sayılırdı. “Universal” 1912-ci ildə Karl Lemli tərəfindən Hollivudda yaradılıb. Onun rəhbəri ürəyiaçıq olduğundan onu “Karl əmi” kimi çağırırdılar. “Universal” studiya əsasən kiçik büdcəli filmlər çəkirdi. Bu studiya özünün populyarlığını ancaq 1930-cu illərdə “Drakula”, “Frankeşteyn” və ya “Gözə görünməz adam” filmlərinə görə qazanmağa başlayıb.

1914-cü ildə Vilyam Hodkinson tərəfindən yaradılan “Paramount” kinostudiyası rəmzi olaraq Adolf Zukorun şəxsi möhürünü daşıyırdı. O, kinostudiyaya 1916-cı ildən rəhbərlik etməyə başlamışdı. Onun hətta belə bir şüarı da vardı: “Əgər filmi Paramount çəkibsə, demək şəhərin ən yaxşı kinostudiyasında çəkilib”. Zukor ətrafına ən yaxşı kinorejissorları toplamışdı. Onların vasitəsilə filmlərə bir nömrəli aktyorlar cəlb olunurdu. Zukor tarixdə ən “mülayim” kino maqnatlarından sayılırdı. Öz işçilərini anlayır və onlara hörmətlə yanaşırdı. Onu maraqlandıran yeganə şey filmlərinin beynəlxalq aləmdə yayılması idi. Hər bir film çəkildikdən sonra Zukor onları uşaqlarına göstərirdi. Əgər film uşaqların xoşuna gəlirdisə, demək uğur qazanacaqdı.

“United artists” kinokompaniyasının 1919-cu ildə yaradılmasına baxmayaraq, o, digər studiyalar kimi uğur qazana bilmədi. Kinokompaniya David Qriffiz, Çarles Çaplin, Douqlas Feirbanks və Meri Pikford tərəfindən yaradılmışdı. Uğursuzluğunun başlıca səbəbi digər kino ulduzlarını öz filmlərinə cəlb etməməsində idi.

1923-cü ildə Heri, Sam, Albert və Cek Varner qardaşları tərəfindən “Warner Brothers” studiyası yaradılır. Kiçik bir kompaniya kimi yaradılan “Warner Brothers” sonradan səsli kinonun yaranması ilə böyük kinostudiyalardan birinə çevrilir. Studiyanın rəhbəri bir ailənin üzvləri olduğundan burda o biri kinokompaniyalardakı kimi daxili çəkişmələr olmurdu. Amma bütün işi Cək Varner görürdü. O, kifayət qədər zəhmli bir insan idi. İşçiləri ilə həmişə problemlər yaşayırdı. Onun yeganə istəyi filmləri konveyer üsulu ilə istehsal etmək idi.

Bəzi kino tarixçiləri “Warner studiyası”nı böyük dükanlara, “Metro Goldwyn Mayer” isə əsrarəngiz zinət əşyaları satılan dükana bənzədirdi. Bu, sonuncusu 1924-cü ildə “Metro pictures”, “Goldwyn pictures” və “Louis B. Mayer pictures” kimi kompaniyaların birləşməsi nəticəsində yaranıb. Sonradan o, Şimali Amerika kino sənayesində ən əsas kinokompaniyalardan birinə çevrilir. Güman olunurdu ki, “Metro Goldwyn Mayer”in studiyasında sanki göydəki ulduzlardan da çox ulduz var idi.

“Metro pictures” ilə bərabər Herri Cohnun rəhbərliyi altında “Columbia pictures” yaranır. Onu “Mayer”dən fərqləndirən cəhət ondan ibarət idi ki, Cohn dəbi sevmirdi. O, deyirdi: “Mən kralam”. O, studiyada hamını ciddi nəzarətdə saxlayırdı. Onu da qeyd etmək lazımdır ki, “Columbia pictures”in kinoteatr şəbəkəsi yox idi. Ancaq kompaniyanın işi Cin Artur, Cladet Colbert, Keri Qrənt, Malvin Daqles kimi aktyorların sayəsində yaxşı gedirdi.

Böyük studiyalar sırasında “R.K.O” kinostudiyasının da öz yeri vardır. O kinostudiya rəhbərinin adı ilə deyil, sadə filmləri ilə tanınırdı. Buna baxmayaraq o, bəzi məqamlarda bəxti gətirən bir kinostudiya idi. Fred Astair, Cincer Rocers kimi aktyorların və “Kinq Konq”, “Vətəndaş Keyn” kimi filmlərin sayəsində “R.K.O” əvvəllər heç kimin gözləmədiyindən də uzağa gedə bildi.

1935-ci ildə “Twentieth century pictures” kinokompaniyasının “Fox film corporation”la birləşməsi nəticəsində böyük studiyaların siyahısına “Twentieth century Fox” kinokompaniyası əlavə olunur. Digər kompaniyalardan fərqli olaraq bu studiyanın rəhbəri Zanukun kinodan başı yaxşı çıxırdı. İdman və qadın həvəskarı olan Zanuk sanki bir zəlzələ idi. Hər zaman gündəmdə qalırdı. Bu studiyanın yetirmələri sonralar hamının sevdiyi Şirley Templ, Betti Qreybl, Teron Pauer və Merlin Monro sayılırdı.

Nəhəng studiyalarla bərabər Holivudda “Monogram”, “Reliable” və ya “Republic pictures” kimi nisbətən kiçik kinokompaniyalar da fəaliyyət göstərirdilər. 1935-ci ildə yaradılan “Reliable” kinokompaniyası əsasən vestern janrında və kiçik büdcəli macəra serialları çəkməklə məşğul olurdu.

Digər kiçik kompaniyalardan olan “Walt Disney” 1937-ci ildə ilk dəfə olaraq böyük coşqu ilə qarşılanan tammetrajlı cizgi filmin premyerasını təşkil etmişdi.

Ancaq gəlin yenidən böyük kinokompaniyalara qayıdaq və orada həyatın necə cərəyan etdiyini izləyək. Həqiqətən də bu kompaniyalar kiçik şəhərciyə bənzəyirdi. Buna görə də onların çoxunun öz polisi, tibb məntəqəsi və hətta balaca ulduzlar üçün məktəbləri də vardı. Ən nəhəng studiya “Metro Goldwyn Mayer” idi. Orada hər şey nağıllardakı kimi dəbdəbəli, nəhəng və parlaq görünürdü. Orada işləməyin nə demək olduğunu bilmək üçün ulduzları qrim-geyim otağından çəkiliş meydançasına qədər aparan şəxsi limuzini seyr etmək kifayət edərdi. Həmin dövrdə o qədər də dəbdəbəli olmayan “Fox” studiyası da zövqlə yaradılmışdı.

Studiyalar ildə 40-50 tammetrajlı film istehsal edirdilər. Hər gün aktyorlar studiyaya saat 7-də gəlir, dialoqlarını əzbərləyir və sonradan paltardəyişmə və makiyaj departamentindən keçirdilər. Rejissorlar saat 8 radələrində işə gəlir, kofe içdikdən sonra çəkiliş heyəti ilə görüşürdülər. Çəkilişlər saat doqquzda başlayır və günorta naharına qədər fasiləsiz davam edirdi. Hər studiyanın öz yeməkxanası vardı. Nahar vaxtı bütün çəkiliş qrupu bir yerdə yeməkxanaya toplaşırdı. Adəti üzrə, ssenari müəllifləri bir yerdə, operatorlar başqa bir tərəfdə əyləşirdi. Yemək kifayət qədər sadə idi. Bəzi ulduzların adları boşqabların üzərində yazılırdı. Spirtli içkilər qadağan olsa da bəziləri yaxınlıqdakı dükanlardan gizlicə alıb özləri ilə gətirirdilər. Yeməkdən sonra çəkilişlər düz saat 7-yə qədər davam edirdi. Beləliklə, çəkilişlər hər gün, bazar ertəsindən şənbəyə qədər təkrar olunurdu.

Hər bir halda studiyada həyat aktyorun məşhurluq dərəcəsindən asılı idi. Ulduz olmaq, yaxud ikinci dərəcəli aktyor və ya texniki işçi olmaq bunların hər biri başqa-başqaydı. Müqayisəyə baxaq: Qreta Qarbo “Metro Goldwyn Mayer”in bir zinət əşyası kimi qiymətli idi. Studiyada hər kəs onun hər bir şeydən razı qalmasına çalışırdı. 1935-ci ildə o, Fredrik Març, Beyzil Rasboun və cavan aktyor Freddi Bartolomey ilə “Ana Karenina” filminə dəvət almışdı. Təkcə bu roluna görə o, 250.000 dollar qazanmışdı.

Texniklər studiyanın üstünlüklərindən istifadə edə bilmirdilər. Çünki onlar müəyyən işləri görən işçi qüvvəsi idi. Yalnız aktyorlar arasında ulduz olmaq şansı vardı. Əgər studiyanın rəhbəri hansısa oğlanı və ya qızı gələcəkdə ulduz görürdüsə həmin andan onun üzərində işləyirdi. Əgər aktyor oğlan idisə ona at çapmağı öyrədir, qılınc oynatmaq dərsləri keçirdilər. Yox, əgər aktrisadırsa, ona düzgün yeriməyi öyrədir, diqqətini öz bədən quruluşuna yönəldir və makiyajdan istifadə qaydalarını başa salırdılar. Hər iki halda onlara mahnı oxumağı, oynamağı da öyrədirdilər. Həmin an reklam departamenti təbliğat işinə başlayırdı: onun üçün uydurulmuş tərcümeyi-hal, hətta sosial həyatının maraqlı detalları yazılır və çalışırdılar ki, ən yaxşı studiyalarda işləyə bilsin. Əlbəttə ki, onların bütün eyiblərini ört-basdır edirdilər.

Bütün bunlar kinostudiyalarda qaynayan həyatın, onun iş prinsiplərinin nə dərəcədə kütləvi olduğuna əyani sübut idi.