15 yanvar 2020 19:08
145

Kira Kalinina Mətbuat Şurasında olub - FOTO

Bu gün ATƏT-in Azərbaycanda Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina Mətbuat Şurasında olub.

Mətbuat Şurasından verilən məlumata görə, qonağı salamlayan şura sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun missiyasından söz açıb.

Şuranın seçki dövrlərindəki iş prinsipləri barədə məlumat verən Ə.Amaşov bir neçə istiqaməti fərqləndirib. Bunlardan birincisi, ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki ilə bağlı materiallarının monitorinqidir. İkinci istiqamət seçki günü jurnalistlərin peşə vəzifələrini sərbəst yerinə yetirmələri üçün imkanın yaradılmasına çalışmaqdır. Bunun üçün fevralın 9-da Şurada «qaynar xətt» yaradılacaq və jurnalistlər hər hansı maneə ilə üzləşəcəkləri halda ora məlumat verə biləcəklər. Daha bir istiqamət isə MŞ-nin İdarə Heyətinin üzvlərinin müxtəlif dairə və məntəqələrdə apardıqları müşahidələrdir. Onlar da öz növbələrində yerlərdə jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar.

ATƏT-in Azərbaycanda Seçki Müşahidə Missiyasının təmsilçisi K.Kalinina missiyanın görəcəyi işlər barədə məlumat verib. Bununla bağlı MŞ ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.

MŞ sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin də qatıldıqları görüşdə həmçinin Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlər, medianın durumu ətrafında müzakirə aparılıb.