25 fevral 2020 10:05
1282

“Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” - FOTO/VİDEO

Yeni Azərbaycan Partiyasının könüllüləri bu ad altında aksiyaya start verdilər

2020-ci il  “Könüllülər İli” çərçivəsində “Könüllülərlə maariflənək” şüarı altında Yeni Azərbaycan Partiyasının və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının  könüllüləri Gürcüstanda yaşayan soydaşlarımızın istəyini nəzərə alaraq “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verdilər.

Fevralın 22-də YAP İcra Katibliyində bu məqsədlə  keçirilən tədbirdə  YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirdi ki, ölkəmizdə könüllülər hərəkatı böyük vüsət alıb.  YAP Gənclər Birliyi “Könüllülər İli” çərçivəsində paytaxtda və regionlarda müxtəlif tədbirlərin keçirilməsini nəzərdə tutur.

Qeyd olundu ki, ölkəmizdə  gənclərə diqqət və qayğının əsası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən  qoyulub. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək gənclərə diqqətin prioritetliyini aydın görərik. Hakimiyyətinin birinci dövründə minlərlə Azərbaycan gəncinin keçmiş İttifaqın ən nüfuzlu  ali məktəblərinə təhsil almağa göndərilməsi Azərbaycanın müstəqil gələcəyinə hədəflənmiş addım idi.  Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra gənclərə diqqət və qayğını  çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri kimi öndə saxlayaraq onların ictimai-siyasi fəallıqlarının artırılması, dövlət idarəçiliyində irəli çəkilmələri istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıldı. Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının sıralarında birləşən üzvlərin böyük əksəriyyətini gənclərin təşkil etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Gənclərimiz Heydər Əliyev ideyalarının  təbliğatçıları kimi ölkəmizdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir, Azərbaycanın daha da çiçəklənməsinə, dünyada tanınmasına öz töhfələrini verməyə səy göstərirlər.

S.Orucov son 16 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin potensial imkanlarından səmərəli istifadə etmək  məqsədilə atdığı addımların davamlılığından da geniş bəhs etdi. Bildirdi ki, Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında dövlətimizin başçısı  İlham Əliyev bu çağırışı etmişdir: “Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər... Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

S.Orucov cənab İlham Əliyevin  Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər İli” elan edilməsini də  gənclərə diqqət və qayğının bariz nümunəsi kimi qeyd edərək vurğuladı ki, Yeni Azərbaycan Partiyası “Könüllüləri İli” çərçivəsində  silsilə tədbirlər keçirmək istəyindədirlər.  Təqdim olunan layihə  gənclər tərəfindən maraqla qarşılanacaq.

Bildirildi ki,  “Könüllülər İli” çərçivəsində  region gəncləri arasında  maarifləndirmə işinin aparılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu baxımdan ki, region gəncləri könüllülük hərəkatının mahiyyəti barədə dolğun məlumata malik olsun, bu istiqamətdə görülən işlərə öz töhfələrini versinlər. Bunun üçün bölgələrdə  davamlı tədbirlər keçiriləcək.

YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Misirxan Həsənov aksiya haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Gürcüstanda yaşayan gənc soydaşlarımız üçün bir ay ərzində 500 adda 2000 nüsxə kitab toplanıb: “Bu kitablar Azərbaycan dilində nəşr olunmuş yerli və dünya ədəbiyyatını, dərslikləri və uşaq ədəbiyyatını əhatə edir. İlk mərhələdə fevralın 23-də 800 nüsxə kitab Tbilisidəki  64 saylı Azərbaycan məktəbinin kitabxanasına təhvil veriləcək. Bu aksiya davamlı olacaq. Layihənin məqsədi odur ki, harada yaşamasından asılı olmayaraq azərbaycanlı gənclər özlərini tək hiss etməsinlər,  hər zaman həmrək, birlikdə  olsunlar.

Diskussiya şəklində davam edən tədbirdə gənclər könüllülük hərəkatının geniş vüsət almasını şərtləndirən amillərdən geniş bəhs etdilər.

Yeganə Əliyeva,
Vüsal Cahanov (foto), 
“İki sahil”