21 fevral 2020 21:38
1548

Kiyev məktəbində Xocalı qurbanlarının xatirəsi anılıb

Kiyevdə yerləşən 247 nömrəli məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə müəllim və şagirdlərlə yanaşı, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şagirdlər pedaqoq Səfayə Naibovanın rəhbərliyi ilə Xocalıya həsr olunmuş şeirlər səsləndirib, həmçinin iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində baş verən hadisələr barədə danışıblar.

“Ukrayna Azərbaycanlılarının Elmi Şurası” ictimai təşkilatının sədri, Ukraynanın Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, Ukraynanın Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev çıxışında qeyd edib ki, Xocalı qətliamından sonra Ukraynanın Azərbaycana göstərdiyi dəstək siyasi səviyyədə mühüm rol oynayıb. O bildirib ki, Azərbaycan da çətin dövrlərdə Ukraynaya daim kömək edib.

Səməd Vurğun adına kitabxananın direktoru Qalina Çebatoreva öz çıxışında belə hadisələrin yenidən baş verməsinə yol verməməkdən ötrü gələcək nəsillərin bu faciə barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndəsi Hacı Əbülfəz Qasımov, öz növbəsində, ümidvar olduğunu bildirib ki, Xocalı faciəsində uşaqların yaşadıqları dəhşətləri daha heç bir nəslin uşaqları hiss etməyəcəklər.

Mərasimin sonunda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Hamlet Paşayev bu tədbirin təşkilində göstərdiyi köməyə görə məktəb rəhbərliyinə minnətdarlığını bildirib. O, Xocalı faciəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində belə tədbirlərin vacibliyini qeyd edib.