KÖŞƏ

Sevinc Azadi

Köçəryanın yenidən həbsinin pərdəarxası məqamları

27 iyun 2019 18:52
1659

Ermənistanın baş naziri Nikol Paşinyan gündən-günə düşən reytinqini saxlamaq üçün müxtəlif yollara əl atır. Məsələn, bir neçə gün öncə Paşinyan hakimiyyəti Ermənistanın sabiq prezidenti Robert Koçaryanı yenidən həbsə göndərib. Qərarı Apelasiya məhkəməsinin hakimi elan edib. “Birinci instansiya məhkəməsinin 2019-cu il 18 may qərarı ləğv olunsun. Robert Koçaryana münasibətdə zaminə durmaqla bağlı qərar qüvvədən düşmüş sayılsın və yenidən həbs edilsin!”,- deyə hakim hökmü oxuyub. Robert Koçaryan və vəkilləri məhkəmə prosesinə qatılmayıblar. Apelasiya məhkəməsinin hökmündən 15 gün ərzində şikayət oluna bilər. Koçaryan 2008-ci il 1 mart aksiyaları zamanı mitinq iştirakçılarına qarşı güc tətbiq etməyə göstəriş verməkdə və 10 nəfərin ölümündə ittiham olunur.

Qeyd edək ki, mayın 18-də R.Koçaryan girov qarşılığında zaminə buraxılmışdı. Ermənistan Baş Prokurorluğu isə bu qərara etiraz etmişdi. Çox güman ki, həbsinə səbəb az əvvəl onun Paşinyanı tənqid edən müsahibəsi olub. Müsahibəsində Robert Koçaryan hazırkı hakimiyyəti kəskin tənqid edən açıqlamalar verib. Əsas hədəfi də baş nazir Nikol Paşinyan olub. Robert Koçaryan Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı 2008-ci ilin martında Yerevanda baş verən kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşımaqda ittiham edib. “Ermənistanın hazırkı baş naziri 2008-ci ilin 1 martındakı kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır. Onun təsəvvüründə günahkar mənəm”, - deyə Koçaryan bildirib. Eks-prezident indiki hakimiyyəti Qarabağa dair təhlükəli siyasət aparmaqda da günahlandırıb. Ermənistanın ikinci prezidenti Yerevanın “Beşinci Kanalı”na müsahibəsində deyib ki, Paşinyan qondarma “DQR”-in işlərinə çox qarışmaqla danışıqlar prosesində Ermənistanın mövqeyini zəiflədir və qondarma rejimin statusunu aşağı salır: “Mən Ermənistan prezidenti olandan sonra heç vaxt Qarabağın işlərinə qarışmamışam, bunu Serj Sarkisyan da etmirdi...”.

R.Koçaryan özünü Qarabağ torpaqlarının xilaskarı adlandırıb. Koçaryanda belə bir təəssürat yaranıb ki, Qarabağ indiki hakimiyyət üçün dəyər deyil: “İndiki hakimiyyət üçün Qarabağ ağır yükdür, dəyər yox. 90-cı illərdə Levon Ter-Petrosyanın idarəçiliyi dövründə də belə olub. Şüuraltı olaraq, hakimiyyət düşünür ki, canını bu ağır yükdən necə qurtarsın...”. Eks-prezident deyib ki, onun həbsi də Qarabağa dair mövqeyi ilə əlaqədardır: “Mənim keçmişim o qüvvələri narahat edir ki, onlar Qarabağ münaqişəsinin ermənilərin maraqlarına uyğun şəkildə həllinin baş tutmamasına can atırlar...”.

Paşinyan üçün növbəti potensial təhlükə müxalif “Adekvad” partiyasının rəhbəri Artur Danielyandır. Erməni mediası yazır ki, eks-prezident Robert Koçaryana yaxınlığı ilə seçilən hərəkatın lideri Paşinyanın ünvanına səsləndirdiyi təhdidlərlə əlaqədar polisə gətirilib. Hadisə ilə bağlı polis orqanları hər hansı bir açıqlama verməyib. A.Danielyan partiyanın yaradılmasını mayın 27-də elan etmişdi. O, dəfələrlə ölkədəki siyasi rejimin hadisələrə adekvat reaksiya vermək bacarığını itirdiyini bildirib. Qeyd edək ki, “Adekvad” Paşinyan əleyhdarı və nisbətən də rusiyayönümlü təşkilat kimi tanınır. Bir müddət əvvəl bu qurum məhz Koçaryanın həbsi, eləcə də Paşinyanın tərəfdarlarının məhkəmə binalarını tutmasına etiraz olaraq aksiya təşkil etməklə gündəmə gəlmişdi.

Paşinyan bundan başqa digər tədbirləri də nəzərdən keçirir. Belə ki, son variant olaraq, Serj Sarkisyana və bir neçə oliqarxa qarşı cinayət işləri açıla bilər. Ermənistan hüquq mühafizə orqanlarının 3 istiqamətdə durmadan istintaq aparmasının səbəbi də bununla əlaqələndirilir. Bu istintaqlardan biri “1 Mart” hadisələri ilə bağlı Sarkisyana qarşı olan ifadələr, digəri aprel döyüşləri və nəhayət üçüncüsü Meğri dəmir yolu cinayətinin araşdırmasıdır. Bundan əlavə, əldə edilən məlumatlara görə, inqilabın ikinci dalğasında Sarkisyanın yaxın çevrəsi də istintaq araşdırmalarına cəlb edilə bilər.