25 aprel 2019 13:07
133

Kolorado Senatının rəhbərliyinə etiraz məktubu göndərilib

Leyla Abdullayeva: hər hansı qurumun “dövlət” kimi tanınması ABŞ-da ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir

ABŞ-ın Kolorado ştatının Senatı tərəfindən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin qəbulu və bu qətnamədə ölkəmizin işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun tanınması ilə bağlı məlumat yayılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu məsələyə münasibət bildirərək deyib: “Aprelin 24-də Kolorado ştatının 35 nəfərlik Senatı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Ermənistan və qondarma “artsaxın” Türkiyə və Azərbaycan tərəfindən “blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırımının törədildiyi iddia edilir.

Qeyd etmək istərdik ki, bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadın guya həmin qurumun tanınması kimi təqdim etməyə cəhd etmişlər. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun “dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir.

Onu da bildirmək istərdik ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələrin ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur.

Ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.