05 noyabr 2019 19:37
1845

Kompleks Qazma İşləri Tresti region üzrə rekord göstəriciyə imza atıb

“Bulla-dəniz” yatağında qazılan 91 nömrəli kəşfiyyat quyusunun nəticələri gələcəkdə bu yataqda qazma işinin artırılmasına böyük təkan verəcək

Yaranmasından cəmi 12 ildən bir qədər artıq vaxt keçməsinə baxmayaraq SOCAR-ın Kompleks Qazma İşləri Trestinin kollektivi dənizdə və quruda müxtəlif xarakterli yataqlarda qazma işi apararaq bir sıra uğurlara imza atıb. Təkcə onu qeyd etmək kifayətdir ki, müstəqillik dövründə milli neft sənayemizin parlaq səhifələrindən olan “Ümid” yatağını kəşf edən quyu da məhz Kompleks Qazma İşləri Trestinin kollektivi tərəfindən qazılıb.

Daim yeniliyə can atan, yeni texnikanı və mütərəqqi texnologiyanı uğurla tətbiq edən qazmaçılar qazma prosesinin dünya standartlarına uyğun, təhlükəsizlik qaydalarına əməl etməklə, yüksək texniki göstəricilərlə həyata keçirirlər.

Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağında Trest tərəfindən hazırda 122 nömrəli dəniz stasionar özülündən (DSÖ) 122 nömrəli istismar və 12 nömrəli DSÖ-dən 91 nömrəli kəşfiyyat quyularında qazma işləri uğurla davam etdirilir. 

Ümumiyyətlə, 2012-ci ildən bu günə

 kimi “Bulla-dəniz” yatağında Trest tərəfindən 82 nömrəli DSÖ-dən 89 nömrəli, 122 nömrəli DSÖ-dən 123, 124 və 125 nömrəli quyular qazılaraq yüksək hasilatla sifarişçiyə təhvil verilib. Bu nailiyyətlərin nəticəsində yataqda yeni özüllərin tikintisinə başlanılaraq qazma işlərinin həcmi xeyli artıb.

“Bulla-dəniz” yatağı çox mürəkkəb geoloji-tektonik quruluşa və yüksək anomal lay təzyiqlərinə malik olan strukturdur. Həmçinin bu yatağın daha dərinliklərində qərarlaşmış məhsuldar horizontların çox böyük perspektivliyə malik olması qazma işlərinin daha da mürəkkəb şəraitdə (yüksək lay təzyiqinin və temperaturun olması, struktur kəsilişində böyük sərtliyə malik süxurların yerləşməsi, az dayanıqlı və dəyanətsiz təbəqələrin rast gəlməsi və s. ) aparılmasına gətirib çıxarır.

Bütün bunları nəzərə alaraq, qazma işlərinin mürəkkəbləşmələrsiz və keyfiyyətlə başa çatdırılması üçün 12 nömrəli özüldə ABŞ və Çin Xalq Respublikasından alınmış, müasir texniki-texnoloji tələblərə cavab verən, “top drive” mexanizmi ilə təchiz olunmuş, böyük yük qaldırma qabiliyyətinə malik dünya qazmaçılarının son nailiyyətlərindən olan müasir ZJ 70/4500DZ qazma qurğusu ilə qazma işləri həyata keçirilir. Həmçinin bu quyuda ən müasir qazma alətinin tutulma ehtimalı minimum olan karbohidrogen əsaslı qazma məhlulundan, qazma vaxtı quyu lüləsinin əyriliyinə və stratiqrafik kəsilişə nəzarət edən LWD/MWD telemetrik ölçü cihazlarından, litoloji kəsilişə uyğun yüksək texniki göstəricilərə malik və beynəlxalq standartlara cavab verən PDC tipli baltalarla yığılmış QKAH-dən, qazmaya geoloji-texnoloji nəzarəti həyata keçirən DNV serifikatlı “Shenkay” firmasının istehsalı olan SK-CMS geoloji texnoloji nəzarət stansiyasından və FİD xromotoqrafdan istifadə olunur. Qazma prosesində udulmanın qarşısını almaq və həmçinin ekvivalent dövran sıxlığını miniuma endirmək məqsədi ilə qazma məhluluna müntəzəm surətdə müxtəlif inert doldurucular əlavə olunub, qazma məhlulunun reoloji parametrlərinə ciddi surətdə nəzarət edilib.

Qeyd olunan resurslardan düzgün istifadə olunması, qurğuda çalışan qazma briqadası üzvlərinin peşəkarlığı, Kompleks Qazma İşləri Trestinin mühəndis-texniki heyətinin qazma prosesinə ciddi nəzarət etməsi və ekstremal şəraitdə vaxtında dəqiq qərarların verilməsi nəticəsində “Bulla-dəniz” yatağında 91 nömrəli quyuda ardıcıl olaraq uğurlara imza atılmaqdadır. Belə ki, ilkin olaraq 339,7 mm diqmetrli aralıq kəmərin (535.7 ton) bir əməliyyatla 5000 m dərinliyə endirilərək sementlənməsi, daha sonra regionda ilk dəfə olaraq 254 mm diametrli aralıq kəmərin (598.68 ton) 5860 m dərinliyə bir əməliyyatla müvəffəqiyyətlə endirilməsi və kəmərarxasının sementlənməsi bu uğurların bariz nümunəsidir. Bunun nəticəsində quyunun qazma xərclərinə və müddətinə ciddi şəkildə qənaət olunub, növbəti intervalların qazılması prosesində gözlənilən bir sıra risklər aradan qaldırılıb.

“Bulla-dəniz” yatağında qazılan 91 nömrəli kəşfiyyat quyusunda 5460-5630 m intervalında açılmış məhsuldar qatın V horizontunda aparılmış geofiziki tədqiqat işlərinin nəticələrinə əsasən, horizontun məhsuldarlıq baxımından böyük potensiala malik olmasından xəbər verir. Heç şübhəsiz hələ qazılmaqda olan 91 nömrəli kəşfiyyat quyusunun nəticələri gələcəkdə bu yataqda qazma işinin artırılmasına böyük təkan verəcək.

Müasir avadanlıqlardan, qabaqcıl texnika və texnologiyalardan, innovativ proqramlardan istifadə edən Kompleks Qazma İşləri Trestinin kollektivi respublikamızın dəniz və quru sahələrində axtarış-kəşfiyyat  və istismar quyularının müvəffəqiyyətlə qazılmasını təmin etmək istiqamətində bütün imkanlarını səfərbər edərək yeni-yeni əmək nailiyyətləri qazanmaq əzmindədir.

Dərinlik fatehləri dənizdə neftçıxarmanın əsasını qoyan “Neft Daşları” yatağının açılmasının 70 illik yubileyini layiqli əmək töhfələri ilə qarşılayırlar.

Reşad Bağırov, “İki sahil”