29 yanvar 2019 14:03
125

Konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılır

Yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans işini sahibkarlarla müzakirələrlə davam etdirir.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev regionların sosial-iqtisadi inkişafı və sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb.

“Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc edilən hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business” hesabatıdır. Ölkədə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Bu hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb. Ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro iqtisadi sahələr inkişaf etdirilir. Sadələşdirilmiş vergi 4 faizdən 2 faizə enib.

Sonra kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin çıxışları dinlənilib.

Konfrans işini müzakirələrlə davam etdirir.