22 yanvar 2021 17:06
744

Könül Nurullayeva: Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artacaq

Azərbaycanla Türkmənistan arasında imzalanan memorandum Xəzərdə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir

 

Azərbaycanla Türkmənistan hökumətləri arasında imzalanan “Dostluq” yatağı üzrə sazişi tarixi hadisə kimi qiymətləndirməliyik. Bu sənəd Azərbaycanın neft-qaz strategiyasının inkişafında  böyük əhəmiyyətə malikdir. Bu, ilk növbədə iki ölkə arasında yüksək səviyyəli münasibətlərin göstəricisidir. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Elə yatağın “Dostluq” adlandırılması da rəsmi Bakı ilə Aşqabad arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə əsaslandığını göstərir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın müasir standartlara malik infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Beləliklə, neft və qaz ixracatçısı olan Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artacaq, ölkəmizin nəqliyyat-tranzit potensialının möhkəmlənməsi üçün əlverişli şərait yaranacaq.

"İki sahil" xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Biz artıq real nəticələri görürük. Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın daha da genişlənməsinə rəvac verir. Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir: “Təbii ki, layihənin beynəlxalq və regional əhəmiyyəti də kifayət qədərdir. Bu sazişin imzalanması həm də Xəzərin sülh və əməkdaşlıq hövzəsi olduğunu təsdiqləyir, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə töhfə verir. Bununla Xəzər regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi və xarici investorların bu layihələrə cəlb edilməsi üçün yeni imkanlar yaranır”.

Deputat bildirib ki, saziş 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində imzalandı. Bu da Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin nümunəsi kimi səciyyələdirilməlidir. Ümumiyyətlə, Xəzəryanı dövlət kimi Azərbaycan hər zaman dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Təsadüfi deyil ki, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır.