10 yanvar 2020 20:09
1439

Könüllülər hərəkatı cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir

2020-ci ilin “Könüllülər ili” elan olunması gənclərin cəmiyyətdə daha fəal qüvvə kimi özünü təqdim etmək imkanlarını genişləndirir

1993-cü ildə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkədə mövcud olan iqtisadi çətinliklərə, siyasi gərginliyə baxmayaraq bütün sahələrdə apardığı islahatları gənclər siyasətində də tətbiq etdi.

1994-cü ildən həyata keçirilən bu siyasətə uyğun olaraq Gənclər və İdman Nazirliyi yaradıldı. 1997- ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis olundu. Gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşan Ulu Öndər yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq. Gənclərin potensialından istifadə üçün yeni imkanlar açıldı. 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərmanın imzalanması ilə yeni nəslin təhsildə, idmanda, cəmiyyətdə daha fəal qüvvə kimi özünü təqdim etməsi üçün dövlət dəstəyi artırıldı. Gənclərin hamisi, yeni nəslin fiziki cəhətdən sağlam böyüməsini , milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsini gələcəyimiz üçün etibarlı zəmin kimi diqqətdə saxlayan Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı ilə mövcud imkanlar daha da genişləndirildi. 2005-ci ildən bu günə qədər gənclər siyasəti ilə bağlı qəbul olunan üç Dövlət Proqramının həyata keçirilməsi ilə gənclərin dövlət qulluğuna irəli çəkilməsi prosesi sürətləndirildi. Bacarıqlı kadrlara, mütəxəssislərə potensiallarından səmərəli istifadə üçün geniş imkanlar yaradıldı. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzinin yaradılması, 44 Olimpiya İdman Mərkəzinin istifadəyə verilməsi bu qayğının təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Elmin İnkişafı Fondu, Gənclər Fondu vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Cəmiyyətdə fəal rol oynayan, gələcəkdə ölkəmizi idarə edəcək yeni nəsildə milli vətənpərvərlik hissləri yüksəlir.

Gənclərdə idmana artan kütləvi maraq və həvəs günümüzün reallığıdır. Hazırda beynəlxalq olimpiada və yarışlarda iştirak edən, ölkəmizə medallar qazandıran gənclər bütün bölgələrdə fəaliyyət göstərən idman mərkəzlərində, komplekslərində hazırlanırlar. Gənclər üçün yaradılan bu imkanların nəticəsində ilk standartları Azərbaycanda yazılan Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımız qazandıqları medalların sayına görə ilk sıralarda yer aldılar. Birinci Avropa Oyunlarında yaddaqalan könüllülük hərəkatı Azərbaycan brendi, ilk təcrübə kimi qonaqlar tərəfindən maraqla qarşılandı. Qonaqlara Azərbaycanın tanıdılmasında iştirakçı kimi üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirən könüllülük kütləvi hal aldı. “Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, “qara qızıl”ı” insan kapitalına çevirməkdir. Bugünkü gənclər- müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, - onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, - gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər” söyləyən Prezident İlham Əliyev gənclərə güvənməkdə yanılmadığını bir daha diqqətə çatdırdı. Kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verən könüllülər Formula-1”, IV İslam Həmrəyliyi Oyunları kimi, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində də əvəzsiz rol oynamışlar.

Keçən il ümumilikdə 50 Avropa ölkəsinin təmsil olunduğu XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı 122 idmançı, 2500-dən artıq könüllü təmsil etdi. Gəncə şəhəri 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” adına layiq görüldü. O, cümlədən 170 ölkədən nümayəndənin iştirak etdiyi Dünya Skaut Hərəkatı Təşkilatının konfransı keçirildi. Sadalananlar göstərir ki, Azərbaycanda gənclər siyasəti uğurla davam edir, inamlı addımlar atılır və bu istiqamətdə həyata keçirilən islahatlar ictimaiyyət tərəfindən razılıqla qarşılanır.

Hazırda ölkəmizdə könüllülər hərəkatı yeni təşəbbüs olsa da , geniş vüsət alıb. Fərqli strukturlarda təxminən 20 min gənc könüllü olaraq çalışır, müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Təcrübə göstərir ki, xüsusi əhəmiyyətə malik könüllülər hərəkatı cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Sevindiricidir ki, bu sahədə gənclər xüsusilə fərqənir. Xeyirxah aksiyalarda təşəbbüskar kimi iştirak edir, kimsəsizlərə, ahıllara qayğı göstərirlər.

2020-ci ilin Azərbaycanda “Könülllər İli” elan olunması ilə bağlı Sərəncamda qeyd olunduğu kimi, xalqımız əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır: “Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir.” “ASAN xidmət”dən başlanan bu hərəkat “Regional İnkişaf”” İctimai Birliyi, “Bir” Tələbə könüllüləri” və digər könüllülük təşəbbüsləri ilə davam etmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən qruplarla təkmilləşmişdir.

Ötən il 5 dekabr- Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə hərəkatın yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirdi. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin tükənməz potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə formalaşan bu hərəkat gələcəkdə daha çox sahəni və gənci əhatə edəcəkdir.

“Könüllülər hərəkatı” “ASAN xidmət””dən başladı və “ASAN xidmət””də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət”” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. “ASAN xidmət”” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır” söyləyən cənab İlham Əliyev bu kütləviliyi Azərbaycan gənclərinin yenilik həvəsi, zamanın çağırışlarına hazırlıq təşəbbüsü adlandırır.

Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Tam əminliklə demək olar ki, ölkəmizdə fəxr edə biləcəyimiz nəsil yetişir. Gənclərimiz torpaq uğrunda, Vətən uğrunda mətanətlə vuruşur, sərhədlərimizi, ictimai asayişi qoruyurlar. Təhsildə, idmanda, elm sahəsində fərqlənən gənclərin uğurları ziyalı potensialını da zənginləşdirir.

Prezident İlham Əliyevin “Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər” sözləri artıq həyatda öz əksini tapıb.

Respublikamızda aparılan islahatlara, gəncləşmə siyasətinə təkan verəcək “ Konüllülər İli”ndə daha önəmli addımların atılacağı istisna deyil. Xidmət təşkilatlarının əksəriyyətində xüsusi geyimləri ilə fərqlənən könüllülər insanlarla təmas qurur, iş mexanizmi, prosedur qaydaları ilə bağlı ilk məlumatları sifarişçilərə, abonentlərə çatdırmaqla, əməliyyatların sadələşdirilməsində, tezləşdirilməsində iştirak edirlər. Bu gənclər seçdikləri sahələrdə mütəxəssis kimi püxtələşir, gələcəyin bacarıqlı kadrları kimi təkmilləşirlər.

Ötən ay Şamaxıya səfəri zamanı “ASAN Həyat” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev gənclər arasında könüllük hərəkatının kütləviliyini yüksək qiymətləndirdi: “ASAN xidmət””, eyni zamanda, bizim siyasətimizi göstərir ki, bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu, həm gənclərimizin istedadını, biliklərini göstərir və həm də kadr hazırlığı üçün də çox önəmlidir. Çünki artıq minlərlə ASAN könüllü müxtəlif önəmli vəzifələrdə çalışır. “ASAN xidmət””lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə “ASAN xidmət””dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir.”

Xuraman İsmayılqızı, “İki sahil”