10 yanvar 2020 19:07
284

“Könüllülər ili” gənclərin sosial məsuliyyət hissini gücləndirəcək

“Prezident İlham Əliyevin 2020- ci ili “Könüllülər  ili”” elan etməsi, ölkə başçısının   Azərbaycan gəncliyinə göstərdiyi etimadın bariz nümunəsidir. Könüllülər hərəkatı bir amal ətrafında birləşən  minlərlə gəncin  fəaliyyətidir. Harada yenilik və müasirlik varsa orada könüllülərin əməyi görünür. Könüllülük hərəkatına qoşulan gənclərin özləri də müasir dövrün tələblərinə uyğun formalaşırlar və onların gələcək həyatda düzgün mövqe tutmağında əsas rol oynayır. Bu gün fəaliyyəti könüllülükdən başlanan yüzlərlə gəncimiz dövlət strukturlarında öz əmək fəaliyyətlərini davam etdirirlər.” Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov İkisahil.TV-yə müsahibəsində bildirib.

Azər Badamov vurğulayıb ki, könüllülük özü-özlüyündə bir məktəbdir. Bu  təşəbbüsə qoşulmuş gəncin davranış qaydaları və əxlaqı daha yüksək inkişaf edir. Düşünürəm ki, bu ilin “Könüllülər ili” elan olunması bu təşəbbüsə qoşulacaq gənclərin sırasını daha da genişləndirəcək.

Müsahibəsində Azər Badamov ötən ilin Azərbaycanın həyatında dərin islahatlar ili olmasına diqqət çəkib. Bildirib ki, 2019-cu il Azərbaycan tarixində islahatlar və ciddi kadr dəyişikliyi ili olaraq qaldı. Dünyada cərəyan edən gərgin proseslər fonunda Azərbaycan sabitlik, əmin-amanlıq şəraitində yaşayıb. Həyata keçirilən siyasi, iqtisadi, sosial, kadr, struktur islahatları Azərbaycanın gücünü artırıb. Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı ölkəmizə səfər edib, ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Bütün aparıcı beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin prinsipial mövqeyini dəstəkləyib.

Azər Badamov 2020-ci il üçün gözləntilərini dilə gətirərkən ötən ilin Azərbaycanın həyatında dərin islahatlar ili olmasına diqqət çəkib:  “Hesab edirəm ki, 2020-ci ildə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı məsələsi prioritet olaraq qalacaq. Bu kontekstdə kənd təsərrüfatı, turizm və sair sektorların inkişafı da diqqət mərkəzində olacaq. Nəzərə alaq ki, cari il üçün dövlət büdcəmizin gəlirləri 24,1, xərcləri isə 26,9 milyard manatdır. Büdcənin 39 faizə yaxını məhz sosial layihələr üçün nəzərdə tutulub. Yəni, 2020-ci ildə sosial istiqamətdə çox ciddi addımların atılması gözlənilir.  İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və geniş vüsət alan islahatların davam etdirilməsi Azərbaycana yeni nailiyyətlər qazandıracaq.”

A.Badamov qeyd edib ki, məlumdur ki, ölkədə ictimai-siyasi sabitlik də öz-özünə meydana gəlmir. Onun təmin olunması üçün dövlətin siyasəti düzgün istiqamətlənməlidir.  Azərbaycanda möhkəm və sarsılmaz sabitlik hökm sürür. Xalqımız bunu görür və yüksək dəyərləndirir. Bütün bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində mümkün olub. Bu gün sürətli inkişaf Azərbaycanda bütün sahələrdə aşkar hiss olunur. Ölkə Prezidentinin son təyinatlarına, ən əsası yeni təyin olunan kadrlarla keçirdiyi görüşlərdə  qarşılarına qoyduğu məqsəd və vəzifələrə diqqət yetirsək, insan amilinə verilən dəyər özünü qabarıq şəkildə büruzə verdiyini görürük. Cənab İlham Əliyev bildirir: “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!” Daim bu fikir önə çəkilir ki, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimizi ortaya qoymuşuqsa, kiçik və orta sahibkarlığın inkişafı prioritet olmalıdır. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, ölkəmizdə güclü sahibkarlar sinfi formalaşıb. Göründüyü kimi,  qarşıya qoyulan vəzifələr çoxşaxəli, məsuliyyət ciddi,  tələbkarlıq qəti və aydındır.

Azər Badamov diqqətə çatdırıb ki, hər bir vətəndaşın istəyi budur ki,  yeniləşən Azərbaycan daha qüdrətli olsun,  vətəndaşlar öz ölkələri ilə  qürur duysunlar. Bu istəyin gerçəkləşməsi bu gün ölkədə aparılan kadr islahatları ilə bilavasitə bağlıdır. İstənilən nəticəyə nail olmaq üçün  tapşırılan işə, vətəndaş rəyinə,  ictimai nəzarətə hörmətlə yanaşmaq,  vəzifə borcunu vicdanla  yerinə yetirmək,  ən başlıcası isə hər kəs Azərbaycanın daha  qüdrətli olmasına  töhfə verməlidir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”