13 yanvar 2020 16:59
91

“Könüllülər ili”ndə Azərbaycan gənclərindən nəcib təşəbbüs

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasından ilhamlanan Azərbaycan gəncləri şəhid, məcburi köçkün ailələri, həmçinin tənha yaşayan yaşlı və xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək məqsədilə yeni təşəbbüslə çıxış ediblər.

Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildiriblər ki, “Könüllü qonaq” adlanan təşəbbüs çərçivəsində gənclər xüsusi qayğıya ehtiyacı olan ailələrin, ahıl və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işləri aparır, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar. Xalqımızın əsrlərboyu yaşatdığı və nəsildən-nəslə ötürdüyü qarşılıqlı dəstək, qayğıkeşlik, təmənnasız yardım kimi ənənələri davam etdirən gənclər qayğıya ehtiyacı olan tənha insanları diqqətdən kənarda qoymur, onlara həm qayğı, həm də ünsiyyət bəxş edirlər.

Bu təşəbbüsə ilk qoşulan Goranboy, Şəmkir, Bərdə, Biləsuvar, Zaqatala və Xaçmaz gəncləri həmin rayonlardakı qayğıya ehtiyacı olan insanları sevindiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gənclərə səslənərək onları #konulluqonaq təşəbbüsünə qoşulmağa dəvət ediblər.