09 aprel 2020 20:25
1476

Könüllülük fəaliyyəti mənəvi dəyərlər üzərində qurulur

Məlum olduğu kimi,  2020-ci il ölkə başçısı cənab İlham Əliyevin Sərəncamına əsasən “Könüllülər ili” elan olunub. Bununla əlaqədar cari il ərzində ölkəmizdə mövcud olan geniş könüllü kütləsinin də iştirakı ilə müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin bu ilin əvvəlindən etibarən meydana çıxan və dünyada sürətlə yayılmağa başlayan koronavirus (COVİD-19) pandemiyası səbəbi ilə bu tədbirlərin keçirilməsi müvəqqəti olaraq dayandırıldı. Həmçinin dünyada bir milyondan çox insanın bu virusa yoluxduğu və on minlərlə insanın dünyasını dəyişdiyi də hər kəsə məlumdur. Adıçəkilən virusun dünyada sürətlə yayılması ölkəmizə də təsirsiz ötüşmədi.

Bu gün koronavirusun yayılmasının qarşısının alınması və bu təhlükənin aradan qaldırılması üçün mübarizəyə həkimlərimiz, hüquq-mühafizə orqanlarının əməkdaşları, bir çox təşkilatlar və müxtəlif peşə sahibləri qoşulublar. Evdən çölə çıxmağın, insanlarla yaxın təmasda olmağın ciddi həyati təhlükəyə gətirib çıxardığı belə bir həssas dönəmdə dövlətin və xalqın yanında olan vətəndaşların böyük bir qrupu da könüllülərdir. Hər zaman insanlara qarşılıqsız, təmənnasız xidmət etməyi özünə həm mənəvi borc, həm də vətəndaşlıq vəzifəsi hesab edən Azərbaycan könüllüləri belə həssas bir dönəmdə üzərlərinə düşən vəzifələri icra etmək üçün əllərindən gələni əsirgəmirlər. Bu gün könüllülər fəal şəkildə sosial mediada genişmiqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyaları aparır, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiyalar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində, eləcə də aztəminatlı ailələrə dövlət və müxtəlif təşkilatlar tərəfindən edilən yardım kampaniyalarında yaxından iştirak edirlər.

2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ölkə rəhbərliyinin könüllülərə göstərdiyi etimadın təzahürüdür. Doğrudur, koronavirus epidemiyasının dünyada sürətlə yayılması və ölkəmizdən də yan keçməməsi nəticəsində könüllülərlə bağlı nəzərdə tutulan tədbirlərin təxirə salınması müəyyən qədər təəssüf doğurur. Lakin Azərbaycan könüllüləri bu gün ölkə başçısı cənab İlham Əliyevin koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə etdiyi çağırışlara, atdığı addımlara cavab verərək onlara göstərilən etimadı doğrultmağa çalışır, eyni zamanda,  bunu özləri üçün insanlıq borcu hesab edirlər.

Mən bir gənc könüllü olaraq dövlətimizin, xalqımızın belə çətin sınaqla üzləşdiyi bir zamanda bütün vətəndaşlarımızı cənab Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməyə, könüllülərimizi əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərdə daha da fəal iştirak etməyə səsləyirəm. Əziz könüllülər, özümüzü sübut etməyin əsl vaxtıdır! Bu il bizim ilimizdir!

Vüsalə Fətullayeva,

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüsü