KÖŞƏ

Röya Rasimqızı

Könüllülük: gənclər üçün vətənpərvərlik məktəbi

22 may 2020 10:31
4521

Ölkəmizdə keçirilən və cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər həm də Azərbaycan gəncliyinin mütəşəkilliyini, səriştə bacarığını, əzmini, intellektual səviyyəsini bariz şəkildə nümayiş etdirir. Gənclərimizin könüllü olaraq yaxından iştirak etdiyi bu tədbirlər cəmiyyətdə ona ciddi rəğbət qazandırıb. Ölkə və beynəlxalq əhəmiyyətli bir sıra tədbirlərin uğurla keçirilməsində könüllülərimizin də əməyi, fəaliyyəti danılmazdır. Könüllülük gənclərimiz üçün vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyinin bariz nümunəsinə çevrilib. Təsadüfi deyildir ki, ölkə başçısı İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında gənclərin könüllülük hərəkatında roluna yüksək qiymət verib: “Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır”.

Elə bunun nəticəsidir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci il ölkəmizdə “Könüllülər İli” elan olunub. Azərbaycanın dünya könüllülük hərəkatında layiqli təmsil olunmasında uğurlu fəaliyyəti ilə seçilən gənclər təşkilatları tərəfindən bu qərar böyük ruh yüksəkliyi ilə qarşılanıb. Könüllülərimiz onlara göstərilən bu yüksək etimadı doğruldacaqlarını vəd edirlər.

Sərəncam Azərbaycan gəncliyi və könüllülərimizin inkişafına, gələcəyə inamlı addımların atılmasına, böyük təcrübə ilə milli və sağlam ruhda inkişaf etməsinə dəstək verəcək. Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən sistemli və effektiv tədbirlər davam etməkdədir. Azərbaycanda fəaliyyət göstərən könüllü hərəkatları və təşkilatları tərəfindən koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirləri dəstəkləmək məqsədilə könüllülər məhz bu gün də fəaliyyətini ən yüksək səviyyədə davam etdirir. Qısa zaman müddətində demək olar ki, könüllülər respublikanın bütün şəhər və rayonlarına səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir. Koronavirusla mübarizə dönəmində keçirilən aksiyalar çərçivəsində könüllülər ehtiyacı olan şəxslərin zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər. Paytaxt və regionlarda tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Beləliklə, minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan ailələrə dəstək göstərilməsində iştirak edib. Qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və buna görə də qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılması da könüllülər tərəfindən təşkil olunmuşdur. Bu humanist aksiya çərçivəsində könüllülər paytaxtda və regionlarda təşkil olunan qanvermə aksiyalarında fəal iştirak edirlər. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız olan şəxslərə tibbi maskaların paylanmasında da böyük həvəslə iştirak edirlər.