27 fevral 2020 11:07
1866

Könüllülük: Vətənpərvərlik məktəbi

Son illər ölkəmizdə  könüllülük hərəkatı geniş vüsət alıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Məhz buna görə də Prezident İlham Əliyev  2020-ci ili ölkəmizdə  “Könüllülər İli” elan edib. Məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir.

Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ümummilli Liderin hakimiyyətinin birinci dövrü gənc kadrların yetişdirilməsi, ikinci dövrü isə  onların idarəçilikdə irəli çəkilməsi ilə səciyyələnir. Son 16 ildə  ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin elə bir çıxışı yoxdur ki,  gənclərə çağırışlar edilməsin, onların qarşısında vəzifələr qoyulmasın. İlk olaraq bu çağırış edilir ki, gənclərimiz vətənpərvər olmalı, dövlətçilik maraqlarını yüksək səviyyədə qorumalıdırlar. Vətənpərvər olmaq üçün təbii ki, tarixini, milli-mənəvi dəyərlərini, dilini, ədəbiyyatını bilməli, qorumalı, inkişaf etdirməli və növbəti nəslə çatdırmalıdır. Bu kimi  vəzifələrin uğurla həyata keçirilməsində  ümummilli hərəkata çevrilən könüllülük əhəmiyyətli rol oynayır.  Könüllülük ölkə gənclərinin həyat tərzinə çevrilib.

Könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə “Evrovision”  mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar. “Könüllülər İli” bu fəaliyyətin daha da genişləndirilməsinə, gənclərin fəallığının artırılmasına və öz potensial imkanlarını ortaya qoyub Azərbaycanın daha da müasirləşməsinə, yeniləşməsinə, yeni-yeni hədəflərə doğru inamla irəliləməsinə böyük dəstək olacaq. Yenilikçi gənclərimiz bu imkanlardan maksimum bəhrələnmək imkanındadırlar.

Röya Rasimqızı, “İki sahil”