23 may 2019 13:46
982

Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Koreya İnkişaf İnstitutunun (KDİ) direktoru Taihee Lee, KDİ-nin Beynəlxalq İnkişaf Mərkəzinin aparıcı tədqiqatçıları Ryu Sunqhyun və Çoi Hyunyi və Koreya Səfirliyinin nümayəndələri Yim Jan Hyeok və Arzu Umarova ilə görüş keçirilib.

Görüş zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova ölkədə aparılan uğurlu iqtisadi islahatlar, Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri, İİTKM-in monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər, həmçinin Azexport.az, EnterpriseAzerbaijan.com, Azranking.az və Bir Pəncərə İxraca Dəstək Mərkəzi barədə ətraflı məlumat verib.

Layihələr  Departamentinin rəhbəri Rəşad Hüseynov Mərkəzin konsaltinq xidmətləri, tədqiqatlar və  təlim mərkəzinin fəaliyyəti, eləcə də Mərkəzin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli xidmətlər və gələcək planlar barədə ətraflı məlumatlar verib. Strateji Təhlil və Planlaşdırma Departamentinin rəhbəri Ramil Hüseyn Koreyanın “Bilik Mübadiləsi Proqramında” iştirakla bağlı məlumat verib və gələcəkdə birgə əməkdaşlıq sahələri üzrə təkliflərini təqdim edib.

Koreya İnkişaf İnstitutunun direktoru Taihee Lee, KDİ-nin inkişaf tarixi, Koreyanın iqtisadi inkişaf sənədlərinin hazırlanmasında aparıcı beyin mərkəzi olaraq oynadığı rol və hazırda icra olunan layihələr və tədqiqat mövzuları barədə məlumat verib. O İİTKM ilə KDİ arasında gələcəkdə “Bilik Mübadiləsi Proqramı” çərçivəsində əməkdaşlıq üçün potensial sahələrə dair təkliflərini irəli sürüb.

Müzakirələr zamanı menecer V. Cəfərova yeni iqtisadi inkişaf strategiyası, diversifikasiya, regional ticarət, insan kapitalının inkişaf və fiskal və sosial islahatlar kimi strateji sahələr üzrə gələcəkdə birgə tədqiqatların və mübadilə proqramlarının aparılmasını əməkdaşlıq istiqamətləri kimi təklif edib.

Sonda qonaqlara “Doing Business 2020”ə həsr olunan islahat icmalı və hədiyyə təqdim olunub.