14 oktyabr 2019 12:24
910

Koreya nümayəndə heyəti Pirşağı Tullantı Sutəmizləyici Qurğusunda - FOTO

Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsdində inşa edilən Pirşağı Tullantı  Sutəmizləyici Qurğusuna səfər edib.

Təmizləyici qurğunun inşası ilə tanışlıq çərçivəsində qonaqlara  məlumat verilib ki, məhsuldarlığı sutkada 40 min kubmetr olan layihələndirilən Pirşağı tullantı sutəmizləyici qurğusunun inşasına 2017-ci ildə başlanılıb və ötən müddətdə işlərin 90 faizdən çoxu yerinə yetirilib. Ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa edilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır. Tullantı sularının tərkibində olan iri əşyalar barmaqlıqlarda, xırda hissəciklər və yağlar isə incə barmaqlıq və qumtutucuda təmizlənəcək. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biosfor qurğusuna ötürüləcək. Artıq biosfor qurğusunun tikintisi yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması həyata keçirilir.

Bioloji təmizləmədən keçən suların çökdürülməsi və susuzlaşdırılması məqsədilə durulducu çənlərin və lil susuzlaşdırma binasının tikintisi də son mərhələdədir. Ən sonda tullantı sularının diskfiltr vasitəsilə təmizlənməsi və zərərsizləşdirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1700 metr uzunluğunda dənizə çıxış xətti inşa edilib.  

 Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Koreya Milli Assambleyası nümayəndə heyətinin rəhbəri Kim Jae Kyunq layihənin uğurla həyata keçirilməsindən məmnunluğunu bildirib və əlavə edib ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin gücləndirməklə yanaşı, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.

Qeyd edək ki, Koreya Respublikası hökumətinin ayırdığı qrant vəsaiti  hesabına icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub.

Orxan Vahidoğlu, “İki sahil”