03 iyun 2020 15:10
1095

Koronavirus pandemiyası ilə mübarizəyə ictimai nəzarət vətəndaşlıq borcudur

 Əvvəlki illərdə dünyanı dolaşan quş qripi, donuz qripi, Ebola, SARS kimi viruslardan daha böyük fəlakətlər gətirən koronavirusa yoluxanların, qurbanların sayı artmaqdadır. Səhiyyə işçilərinin, alimlərin səylərinə baxmayaraq hələ də  mənşəyi, böyük miqyaslı, sürətli yoluxdurma gücünə malik virus haqqında tam  məlumat , açıqlama olmadığı və pandemiya əleyhinə peyvəndin tapılmadığı indiki zamanda  «silahsız düşmənə» qarşı mübarizə tədbirləri də müxtəlifdir.  Virusdan qorunmağın şərtlərini açıqlayan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri isə dəyişilməzdir: Sanitar- gigiyenik qaydalara ciddi əməl olunmalı,  insanlar arasında  məsafələrə  riayət edilməli, tibbi maska və qoruyucu vasitələrdən istifadə unudulmamalıdır.  

 Pandemiyanın sürətləndiyi ilk günlərdən  ölkəmizdə  həyata keçirilən tədbirlərin nəticəsidir ki,  COVID-19 infeksiyası ilə mübarizədə  Azərbaycan təcrübəsi nümunə göstərilir. Ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq hər zaman diqqətdə saxlanılır. İlk gündən  ölkədə tətbiq olunan xüsusi karantin  rejiminə ciddi əməl olunduğu üçün yoluxma hallarının sayı minimuma endirilib, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yoluxma və ölüm hallarını üstələyib. Elə buna görə də  iyun ayının 1-dən etibarən bəzi sahələrdə tətbiq olunan  xüsusi karantin rejimi yumşaldılmış, sərt qadağalar aradan qaldırılmışdır.  Çox təəssüf ki, atılan bu humanist addımın şərtlərinə  əməl  olunmaması səbəbindən son günlərdə  virusa yoluxma və ölüm halları nisbətən artmışdır.  Təcrübə göstərdi ki,  koronavirusla  səmərəli mübarizədə vətəndaşların gigiyenik qaydalara ciddi əməl etmələri məsələyə məsuliyyətlə yanaşmaları başlıca şərtdir.

 Nazirlər Kabineti yanında  Operativ Qərargahın ilk günlərdən əhalini məsuliyyətli olmağa çağırışı da  əbəs deyildir. Dəfələrlə qeyd olunur ki,   ictimai nəqliyyatlardan, metrodan istifadə zamanı  tibbi maskalardan istifadə  zəruridir. Münbit şəraitə malik ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün nəzərdə tutulan qaydalara biganəlik bəzən ölümlə nəticələnir. Etiraf etməliyik ki,  həyat sığortamız olan sosial məsuliyyət məsələlərinə  çox zaman əməl etməyənlər özlərinin, ailə üzvlərinin, çalışdıqları təşkilatın əməkdaşlarının da  virusa yoluxmasına səbəb olurlar.   Halbuki mütəxəssislərin dəfələrlə qeyd etdikləri kimi, pandemiya dövründə  yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət  olunmalıdır.

 Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələbləri pozanlara qarşı cərimələr müəyyənləşdirilib.

 Prezident İlham Əliyevin əsas tövsiyələrindən olan ictimai nəzarət, ictimai qınaq  məsələlərinə daha ciddi yanaşmaq həyat tərzimizə çevrilib. Həkimlərin, qanun keşikçilərinin ciddi xəbərdarlıqlarına  baxmayaraq küçələrdə, ictimai nəqliyyatda hələ də   qoruyucu tibbi  maskalardan istifadə etməyənlərin say çoxluğu narahatlıq doğurur. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizədə gigiyenik qaydalara əməl olunması  hamının gündəlik həyat tərzinə çevrilməlidir.

   Dövlətimiz çətin vəziyyətdən  çıxmaq üçün müxtəlif istiqamətlər üzrə  tədbirlər görür.  Həmişə olduğu kimi, pandemiya  dövründə də  əhalinin sosial müdafiəsinə xüsusi diqqət  göstərilən ölkəmizdə  aztəminatlı  ailələrin tələbatının ödənilməsi üçün müəyyən güzəştlər edilmişdir. İşsizlər üçün nəzərdə tutulan ödənişlərin davam etdirilməsi insan amilinə diqqətdən qaynaqlanır. Başqa ölkələrdə  karantin rejimini pozanlar, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə tətbiq olunan cərimələr, hətta həbs cəzasi  Azərbaycanda yoxdur.  Əksinə, ölkəmizdə əvvəllər bəzi sahələr üzrə  nəzərdə tutulan cərimələrin yumşaldılması əhalinin sosial həyat tərzinin yaxşılaşdırılmasına  yönəldilsə də, humanizmdən arxayınlaşanlar hətta tibbi maska taxmaq kimi vacib şərt və tələbə də   əməl etmirlər. 

 Pandemiyanın daha geniş miqyasda  yayılmaması üçün önəmli addımlar atılan ölkəmizdə qısa müddətdə görülən işlər, Ümumdünya Səhiyyə Təşkilatına,  başqa dövlətlərə etdiyi yardımlar beynəlxalq aləmdə  nümunə göstərilir.

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmış, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, zəruritibb avadanlığı və ləvazimatlar gətirilmişdir.  Pandemiya dövründə istifadəyə verilən 575 çarpayılıq «Yeni klinika»”da  xəstələr ən müasir tibbi cihazlar vasitəsi ilə  müalicə olunurlar. Ölkəmizin 3 şəhərində ümumi  çarpayı sayı  500-dən çox olan yeni xəstəxanalar istifadəyə verilmişdir.  Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.   Müxtəlif  ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının çarter reysləri ilə Azərbaycana gətirilməsi, onların karantin rejimində saxlanılması təmin edilib. Dünyada tibbi ləvazimat və avadanlıqlarla təminatın  problemə çevrildiyi məqamda daxili tələbatı ödəmək üçün ölkəmizdə operativ şəkildə tibbi maska, qoruyucu geyimlər istehsal edən müəssisələr fəaliyyətə başladı.  Təsis edilən Koronavirusla Mübarizəyə Dəstək Fonduna   110 milyon manatdan çox ianə toplanıldı.
   Görülən tədbirlərə baxmayaraq, hələ də koronavirusun yarada biləcəyi fəsadlarla bağlı ictimaiyyət arasında  maarifləndirmə işləri sürətləndirilməlidir. Hazırkı vəziyyət nəzərə alınaraq qarşıdan gələn dövrdə koronavirusdan qorunmanın vacibliyi əsas mövzu olmaqla, KİV-lərdə, televiziya kanallarında   maarifləndirici  verilişlərin sayı artırılmalı, təhlükənin reallığı əyani vasitələrlə  göstərilməlidir. Məsələyə laqeyd və məsuliyyətsiz yanaşmanın şəxsi həyatı, həm də ətrafdakıların sağlamlığını ciddi risk altına qoyması ilə bağlı gündəlik materiallar hazırlanmalıdır. Koronavirusa yoluxaraq müalicə olunmuş şəxslərdən  müsahibələr götürərək bu xəstəliyin hansı acınacaqlı fəsadlar törətdiyi, insana dözülməz əziyyət verdiyi göstərilməlidir.  Həkimlər, infeksionist-mütəxəssislər xəstəliyin törətdiyi təhlükədən danışmalı, məsuliyyətsiz davranışın çox ciddi fəsadlara gətirib çıxardığı mütəxəssislər tərəfindən izah edilməlidir. Koronavirusa yoluxan xəstələri müalicə edən həkimlərin əməyinə  verilən ən böyük dəyər hamının gigiyenik qaydalara ciddi əməl etməsi, pandemiyanın tezliklə aradan qaldırılmasına çalışmasıdır. Bəzi məqamlarda xəstəliyin mövcudluğu ilə bağlı yayılan yalan informasiyaların qarşısı alınmalı, sosial  məsafəyə riayət olunması ilə bağlı vəziyyət daim nəzarətdə saxlanılmalı, insanların qaydalara riayət etməməsi ciddi tənqid olunmalıdır.

Xuraman İsmayılqızı,

«İki sahil»