25 sentyabr 2020 22:24
733

Koronavirusdan ölənlərin sayı 2 milyona çatacaq

Dünyada yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 1 milyona yaxınlaşır, lakin 2 milyona qədər arta bilər.

“İki sahil” Trend-ə istinadla xəbər verir ki, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər proqramının direktoru Maykl Rayan deyib.

M.Rayan bildirib: "Bu, mümkündür. 9 ay ərzində koronavirusdan 1 milyon nəfər vəfat edib. Peyvəndin hazırlanmasına 9 ay vaxt gedə bilər və bu müddət ərzində daha 1 milyon insanın ölməsi mümkündür. Lakin indi insanları xilas etmək və bunun baş verməməsi üçün çox şey edilə bilər".

Qeyd edək ki, dünyada yeni növ koronavirusa 32,2 milyon nəfər yoluxub. Onlardan 983 min nəfəri vəfat edib.