09 aprel 2020 11:59
888

Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir

Prezident İlham Əliyev yeni bir humanist addım atdı, 65 yaşdan yuxarı 176 məhkumu əfv etdi.

Bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarovanın sözlərinə görə, bu əfv sərəncamı göstərdi ki, dövlət siyasətinin mahiyyətində insan amili dayanmaqla yanaşı, statusundan asılı olmayaraq hər bir insanın həyatı dövlətimiz üçün vacibdir.

Spiker bildirib ki, koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir: "Bir neçə gün öncə dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Həmçinin, 6 modul tipli klinikanın inşası üçün 15 milyon manat vəsait ayrılıb. Ölkəmizdə sahibkarlara şərait yaradılır, işçilərin ixtisarının qarşısının alınması üçün sahibkarlara dövlət tərəfindən yardımlar edilir. Prezident İlham Əliyevin bu addımları dövlətimizin əhalinin sağlamlığına diqqətinin bariz nümunəsidir".

İclasda, həmçinin koronavirusla mübarizədə fəal iştirak edən insanlar, o cümlədən həkimlər, polis əməkdaşları, hərbçilər və digər şəxslər deputatlar tərəfindən ayaq üstə alqışlanıb. //Trend