29 iyul 2020 17:56
258

Koronavirusla mübarizə qaydalarına məsuliyyətlə yanaşaq!

Ölkəmiz 2020-ci ilin ilk aylarından etibarən koronavirus epidemiyası ilə mübarizə aparır. Koronavirusun yayılmasının qarşısının alınması üçün dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər, sanitar-epidemioloji vəziyyətin tam olaraq nəzarətə götürülməsi, habelə ölkəmizdə sərt karantin rejiminin elan edilməsi, respublika üzrə xüsusi karantin rejiminin avqustun 31-nə qədər uzadılması COVID-19-la mübarizədə mühüm əhəmiyyət kəsb edir.

Bu gün dövlətimiz koronavirus epidemiyasının tamamilə lokallaşdırılması istiqamətində bütün resurslarını səfərbər edib. Ölkəmizdə virus ocaqlarının söndürülməsi, tamamilə məhv edilməsi yönündə  tədbirlər görülür. Bütün rayon və şəhərlərdə dezinfeksiya işləri hər gün davam etdirilir, virusa yoluxan xəstələr dövlət hesabına müalicə edilirlər. Bütün bunlar və qeyd etmədiyimiz digər faktlar göstərir ki, dövlətimiz pandemiya ilə mübarizədə fəallıq göstərir və vətəndaşları düşünərək bu virusun kökünü kəsmək istiqamətində var gücü ilə çalışır.

Ümumilikdə, 14 rayon və şəhərdə sərt karantin rejimi iyulun 20-dən avqustun 5-nə qədər uzadılıb və vətəndaşlar evdən çölə SMS icazəsi ilə çıxa bilərlər. Həftənin şənbə-bazar günləri, bütövlükdə, ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Vətəndaşlar dövlətin qoyduğu qaydalara, qəbul etdiyi qərarlara laqeyd yanaşmamalı, əksinə, öz məsuliyyətləri ilə virus əleyhinə mübarizələrini ortaya qoymalıdırlar. Vətəndaşlardan digər tələblər ondan ibarətdir ki, sanitar-gigiyena qaydalarına əməl etsinlər, tibbi maska taxsınlar və sosial məsafəni qorusunlar. Amma çox təəssüf ki, vətəndaşlarımızın bir hissəsi bu qaydalara əməl etmək, maska taxmaq istəmirlər, sosial məsafəni gözləmirlər. Xüsusən də marketlərdə buna tez-tez rast gəlinir. Sərt karantin rejimi elan edildikdən sonra ölkə üzrə virusa yoluxanların sayının azalması və sağalanların sayının çoxalması insanlarda koronavirus təhlükəsinin azalması ilə bağlı arxayınlıq yaradıb. Əslində isə belə deyil.

Rəsmi məlumata görə, iyulun 28-də olan koronavirusa yoluxanların sayı 412 nəfər olub. Belə ki, vətəndaşların biganəliyinə, xəstəliyə barmaqarası yanaşmasına son qoyulmalıdır. Virusa yoluxanların sayının azalması heç bir vaxt vətəndaşlarda arxayınlıq yaratmamalıdır. Onlar tibbi maska taxmalı, sosial məsafə saxlamalı və sanitar-gigiyena qaydalarına əməl etməlidirlər. SMS icazəsindən sui-istifadə edilməsi halları da var və vətəndaşlar zərurət olmadan SMS xidmətinə müraciət etməməlidirlər.

Virusun tam olaraq məhv edilməsi üçün vətəndaşlar onlardan tələb olunan məsələlərə xüsusi diqqət yetirməlidirlər. Virusa yoluxan xəstələrin çəkdikləri əziyyətlərdən vətəndaşlar nəticə çıxarmalı, özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamlıdırlar. Bəzi insanlar hələ də virusun böyük fəlakət yaratdığının fərqində deyillər. Bəzi vətəndaşlar hətta gizlin şəkildə yığıncaq keçirməyə cəhdlər edirlər. Bütün bunlar virusun daha da alovlanmasına səbəb olur, nəticədə isə karantin rejimi uzanır. Əlbəttə, təhlükə tam sovuşmayana qədər karantin rejimi davam etdirilməlidir.

Cavid Əkbərov, “İki sahil”