14 may 2019 10:38
180

Körpələrimizin gələcəyinə təhlükə hardan gəlir?

İnsanların texnoloji vasitələrə bu qədər tələbatlı və meyilli olması bir növ adi hal alıb. Bu vəziyyətdə diqqət edilməli əsas məqam isə məhz körpələrdir. Mütəxəssislər bildirirlər ki, 2-3 yaşından aşağı uşaqların “ağıllı telefon”, planşet, kompyuter istifadəsi yolverilməzdir. Həmin yaşda olan körpələrin telefonu uzun müddət əlində tutması ilə mavi ekrandan şüa alması onun üçün ciddi təhlükə mənbəyidir.

Müasir inkişafdan və dəyişimdən yaranan yeni texnoloji alətlərin insan üçün müsbət cəhətləri olsa da, onlardan aşırı istifadə olunması, aludəçilik nəzarətsizlik riskini də artırır. “Texnoloji asılılıq” adlı ifadənin yaranmasının da əsasında məhz internet, sosial media və smartfonlardan istifadə dayanır.

Ötən illərdə uşaqlarda “texnoloji asılılıq” 12 yaşdan sonra müşahidə olunurdusa, son zamanlar artıq  bu vərdiş körpələrdə 5-6 yaşlarından etibarən yaranmağa başlayır. Təəssüf ki, “texnoloji asılılıq” üçün qoyulan yaş həddi günü-gündən aşağı düşür. Bu eniş cəmiyyətin xüsusilə gənc və uşaqlar olan qrupuna aiddir. Asılılıq və aludəçilik isə uşaqlarda asosiallıq, özünəgüvənliyin zəifliyi, iradəsizlik, gərginlik, stress, aqressiya, bir də duyğusal baxımdan soyuqluq yaradır.

Bu aludəçilik təkcə uşaqların psixologiyasına, sosial vəziyyətinə təsir etmir. Uzun və fasiləsiz istifadə həm onların gözlərinin, həm fiziki quruluşunun sağlamlığına da ciddi ziyan vurur. Bunlardan başqa körpələr çox oturaq vəziyyətdə qalırlar, bu onlarda həzm prosesinə də mənfi təsir edir. Kökəlmə, piylənmə yaradır. Bütün işlərini bir kənara qoyub ancaq telefondakı “dünyaya” başları qarışır. Hətta bağçaya və məktəbə getmədikdə belə onlar rahat şəkildə saatlarla telefona bağlı qalmaqdan çəkinmirlər. Bu isə onların real həyatla əlaqəsinin getdikcə kəsilməsinə səbəb olur. Belə uşaqlarda nə oxumağa, nə də yaşayıb-yaratmağa maraq olmur. Onların yeganə dünyası telefon, kompyuter və ya planşet olur.

Sosial mediadan istifadədə, orada yayımlanan audio, video, fotomaterialların görüntülənməsində heç bir yaş məhdudiyyəti yoxdur. Bu da uşaqların yaşlarına uyğun gəlməyən görüntüləri izləməsinə, xəbərləri oxumasına gətirib çıxarır. Nəticə olaraq, sosial media mühitinin uşaqlarımızın tərbiyəsini qorumaq potensialına sahib olmadığı üzə çıxır. Bu baxımdan da ən əsas yük valideynlərin üzərinə düşür. Evdə valideynlər, məktəbdə və bağçada müəllim və təlimçilər bu məsələ ilə bağlı həm diqqətli, həm də məsuliyyətli olmalıdırlar. Çünki zaman keçdikcə bu, həlli çətin olan problemə çevrilir. Buna görə də, “uşaqlar yemək yesin”, “vaxtları keçsin”, “iş görərkən valideynlərə mane olmasın”, ən əsası da “ağlayır, göz yaşlarına qıya bilmirəm” deyib çox kiçik yaşlarında onları telefona alışdırmayın. Sizin qısa zaman çərçivəsində verdiyiniz telefonu zaman keçdikcə dəqiqə və saatlarla geri ala bilməyəcəksiniz. Bu isə sonda onun həm indiki, həm də gələcək həyatı üçün  çox mənfi nəticələrə gətirib çıxaracaq. Uşaqlarınızın internet, virtual oyunlar, sosial mediada saxta profillər üzərindən “cinsi istismara”, “təhdid ismarışlarına”, “virtual qorxuya” məruz qalmaması üçün ciddi tədbirlər görməlisiniz. Qadağa, zor tətbiqi isə çarə deyil. Siz övladınıza nümunələrlə, misal çəkərək, məlumatlandıraraq maarifləndirici məlumatlar verə bilərsiniz. Ona mənfi və müsbət cəhətlər haqqında məlumat verin. Sizin nəzarətinizi, qayğınızı öz üzərində hiss etsin, məsuliyyət daşısın. Yaşına uyğun olmayan virtual ünvanlara daxil olmaması haqqında ona xəbərdarlıq edin. Bu cür saytlara giriş etməsinə məhdudiyyət qoyun.

Əslində modern dövrün tələbinə uyğun olaraq dəyişən, inkişaf edən, durmadan yenilənən texnologiya və onun yaratdığı imkanlardan  faydalı məqsədlər üçün səmərəli şəkildə istifadə etmək olar. Bu isə kiçik yaşlardan başlayaraq hər kəs üçün düzgün şəkildə aşılanmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”