28 yanvar 2020 16:22
1281

Kreditlərin ölkə iqtisadiyyatındakı rolu qənaətbəxşdirmi?

2019-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 184,3 milyon manat vəsait yönəldilib, sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52 faiz, büdcə vəsaitləri 28,3 faiz, bank kreditləri 12 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil edib.

İnvestisiyaların 70 faizə qədərinin daxili sərmayələr olduğunu nəzərə alanda bank kreditlərinin də əksər hissəsini yerli bankların vəsaitləri olduğunu demək mümkündür.

Həmçinin o da məlumdur ki, ötən il bankların  verdikləri biznes kreditləri 16 faiz artsa da, istehlak kreditlərinə yönəldilən vəsaitlərlə bağlı artım tempi bundan daha böyük olub. Göründüyü kimi, ölkədə banklara biznes kreditlərinə üstünlük vermələri ilə bağlı müxtəlif səviyyələrdə çağırışlar olsa da, bu sahədə ciddi dəyişikliklər müşahidə edilmir.

Təsadüfi deyil ki,  bir müddət əvvəl Azərbaycan Sahibkarlar Konfederasiyasının 500 iş adamı arasında keçirdiyi sorğu nəticəsində məlum olmuşdu ki, sahibkarların 43 faizinin maliyyə resurslarına çıxışı məhduddur və bu amil onların fəaliyyətinə mane olur. Elə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun da  KİV-ə müsahibəsindən məlum olur ki, 2019-cu ilin on ayı ərzində “KOB Dostu” şəbəkəsi vasitəsilə Agentliyə daxil olmuş müraciətlərin 22 faizi maliyyə resurslarına çıxış ilə bağlı olub.

Həmçinin xatırlatmaq yerinə düşər ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə ölkə başçısının qeyri-neft sekorundakı artımın böyük olmaması ilə bağlı iradına keçmiş İqtisadiyyat naziri Şahin Mustafayev bu sahədə maliyyələşmənin yetərli olmaması, o cümlədən banklar tərəfindən də kifayət qədər vəsaitin ayrılmaması ilə əsaslandırmışdı.

Bunlar vəziyyətə statistik göstəricilərdən əlavə işıq salan faktlardır. Bununla belə qarşı tərəfin də özünəməxsus arqumentləri var. Söhbət ondan gedir ki, yerli banklar bir qayda olaraq  ödəmə qabiliyyəti yüksək olan sahibkarlıq subyektlərini, uğursuzluq ehtimalı “0” olan biznes-planlarını maliyyələşdirməkdə daha həvəslidirlər və onlar bunu risk amili izah edirlər.  

Ancaq bu barədə söhbət açarkən, biznes kreditlərinin faizlərinin yüksək olmasından da yan keçmək mümkün deyil. Çünki bir çox hallarda sahibkar üçün maliyyə resurslarına çıxışı məhdud edən səbəblərdən biri də kreditlərə görə təklif edilən faizlər olur. Məsələ burasındadır ki, banklar krediti ödəniş qabiliyyəti yüksək olan şəxslərə verməkdə, həmin şəxslər də krediti aşağı faizlə götürməkdə maraqlıdırlar. Bununla belə, hətta yüksək faizlə kredit götürməyə razı olan sahibkarlara da rast gəlinsə də bu dəfə də  banklar onların ödəniş qabiliyyətlərinə şübhə ilə yanaşır.

Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü desə də, bu, daha çox bankların əmanətlərin faiz dərəcələrini aşağı salmaları  fonunda baş verib və eyni zamanda, istehlak kreditlərini də əhatə edib. Söhbət həm də ondan gedir ki, MB-nin uçot dərəcəsini son iki ildə 2 dəfəyə qədər endirməsi əmanət faizlərinə də ciddi azaldıcı təsir edib.

Hərçənd ki, əmanət faizlərinin aşağı düşməsi banklara kreditləşmədə, xüsusilə də biznes kreditlərində rəqabət imkanı yaratsa da, nəticədə əvvəldə də qeyd etdiyimiz kimi,  ötən il istehlak kreditlərindəki artım tempi biznes kreditlərini üstələyib. Məsələ bundan ibarətdir ki, banklar sahibkarlıq subyektlərinin müraciətlərinə yüksək risk qiymətləndirilməsindən yanaşdıqları halda, böyük faizlərlə və daha riskli olan istehlak kreditləşməsində bu prosedur arxa plana keçir.

Xatırladaq ki, Prezident İlham Əliyev sözügedən müşavirədə  kreditləşmədə istehlak kreditlərinin üstünlük təşkil etməsinə toxunaraq bunun çox təhlükəli tendensiya ola biləcəyini vurğulayıb: “ Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. …Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir”.

Qeyd edək ki, MB-nin məlumatına görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 2019-cu ilin  dekabrın 1-nə 1 milyard 410,4 milyon manat təşkil edib ki, bu da əvvəlki ayın 1-i ilə müqayisədə 1,8 faiz çoxdur.

Ceyhun Piriyev, “İki sahil”