13 iyul 2020 20:04
1241

KTMT Ermənistanın çirkin siyasətinə alət olmadı

Təşkilatın Daimi Şurasının planlaşdırılan növbədənkənar görüşü ləğv olundu və bu barədə xəbər KTMT-nin internet ünvanından silindi

 

Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində son gərginliyin hərbi təhlili onu göstərir ki, təxribat Ermənistan tərəfindən başlanıb. Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb. Ermənistan tərəfi qəflətən artilleriya qurğularından istifadə edib və nəticədə Azərbaycan hərbçiləri şəhid olublar. Ermənistan tərəfinin itkiləri daha sonrakı vaxtda Azərbaycan Ordusunun cavab atəşi nəticəsində baş verib. Ermənistan iddia edir ki, guya Azərbaycan UAZ maşını ilə erməni mövqelərinə hücuma keçib. Bu həqiqətən də olduqca gülünc və ağlasığmaz bir iddiadır. Azərbaycan tərəfi hücuma keçmək istəsəydi, onda UAZ-dan deyil, öz ordusunun arsenalında olan güclü, dağıdıcı vasitələrdən istifadə edərdi.

Ermənistanın bu təxribatı törətməkdə məqsədi təkcə diqqəti ölkədə olan ağır sosial-iqtisadi vəziyyətdən və COVID-19 ilə bağlı acınacaqlı durumdan yayındırmaq deyildi. Məqsəd həm də sərhəddə gərginlik yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və təşkilatın arxasında daldalanmağa çalışır.

Lakin onların bu ümidləri də puç oldu. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclası təxirə salınıb. Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov “RİA Novosti” agentliyinə bildirib.  “KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə ediləcəyi formatın müəyyənləşdirilməsi üçün iclasın keçirilməsi üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti səbəbindən təxirə salınıb", - deyə KTMT-nin mətbuat katibi bildirib. Daha əvvəl Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı KTMT-nın baş katibi Stanislav Zasın təşəbbüsü ilə iyulun 13-də qurumun Daimi Şurasının təcili iclasının çağırılması ilə bağlı məlumat yaymışdı. Həmin məlumat KTMT-nin saytında yerləşdirilmişdi. Lakin sonradan həmin məlumat saytdan yığışdırılıb. Beləliklə, KTMT-nin daxilində sağlam məntiq qalib gəldi və sözügedən məsələ ilə bağlı təşkilatın Daimi Şurasının planlaşdırılan növbədənkənar görüşü ləğv olundu və bu barədə xəbər KTMT internet ünvanından silindi. KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.