14 iyun 2019 15:37
216

Kürdəmirdə Milli Qurtuluş Günü - FOTO

İyunun 14 -də Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Rayon təşkilatının qərargahında keçirilən  tədbirdə YAP Kürdəmir rayon təşkilatının fəalları, Şura və Idarə Heyətinin,  Gənclər Birliyinin və Qadınlar Şurasının üzvləri, rayon ictimaiyyətinin  nümayəndələri, ziyalılar,  idarə,  müəssisə və təşkilat rəhbərləri iştirak  ediblər.

Tədbir  iştirakçıları  əvvəlcə Ulu Öndərin Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının  foyesindəki büstü önünə gül dəstələri düzüblər.

YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli tədbir  iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə  təbrik edərək  qeyd edib ki, Milli Qurtuluş Günü xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz  bayramlardan biridir: “Bu, bizim müstəqil dövlətimizin xilas bayramıdır, xalqımızın qanlı uçurum təhlükəsindən qurtuluş bayramıdır. Bildiyiniz kimi, 1992-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdu. Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultdu və ümummilli lider  Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. 15 İyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Yalnız Ulu Öndər  Heydər Əliyevin sayəsində, onun müdrikliyi və 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət və ölkə kimi tanınır və qəbul olunur. Ən başlıcası isə insanlar rahat yaşayır, gələcəyə ümidlə baxırlar.”

“Dəyirmi masa”da YAP Kürdəmir rayon təşkilatının İdarə Heyətinin üzvü, Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov, rayon təşkilatının Şura üzvləri -  “Qarabağ ” ərazi ilk partiya  təşkilatının sədri  Mehrab Abdurahmanov, Qasım Hüseynov  və  Gənclər Birliyinin sədri Rauf Abuşov çıxış edərək Ulu Öndərin hakimiyyətə tarixi qayıdışından sonrakı fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsindən ətraflı danışıblar.

Orxan Vahidoğlu, “İki sahil”