24 fevral 2020 17:35
1321

Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib

Azərbaycanın Küveytdəki səfirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Səfirlikdən bildiriblər ki, tədbirdə Küveytdə yaşayan və işləyən, təhsil alan Azərbaycan Respublikasının vətəndaşları, Türkiyə və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimlər və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Elxan Qəhrəman Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayıb. Ermənistanın BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə, eləcə də BMT Baş Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Qoşulmama Hərəkatının qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymadığını və danışıqlar prosesində konstruktiv yanaşmadan uzaq olduğunu diqqətə çatdırıb.

Bu yaxınlarda Münxendə keçirilən Təhlükəsizlik Konfransında Azərbaycanın Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında olan dialoqu xatırladan diplomat qeyd edib ki, həmin müzakirələrdə də açıq görünürdü ki, Azərbaycan Prezidenti beynəlxalq hüquq normalarını, tarixi faktları sübut kimi gətirərək Ermənistanı konstruktiv sülh danışıqlarına dəvət edir, Ermənistanın baş naziri isə hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif edərək, özlərinin eramızdan əvvəl uydurduqları mifik tarixi faktlara istinad edir və işğal faktından yayınmağa çalışır.

Diplomat qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinə hücum edildi, şəhər yerlə-yeksan olundu, azərbaycanlılara qarşı soyqırımı törədildi. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. Tarixi reallıq kimi, Xocalı faciəsi öz vəhşilik dərəcəsinə görə – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş qətliamlardan daha yüksəkdə dayanır.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən bəhs edən diplomat bildirib ki, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə yürütdüyü siyasət bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası bu işdə xüsusi rol oynayır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

“Azərbaycan xalqı tarix boyu heç bir zaman günahsız insanların qətlə yetirilməsində iştirak etməyib və qonşu torpaqlarına göz dikməyib. Bu gün beynəlxalq hüquq bizim tərəfimizdədir. Azərbaycan ATƏT Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarına sadiqdir və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Bununla belə hesab edirik ki, dünya birliyi təcavüzkarı öz adı ilə çağırmalı və bilməlidir ki, Azərbaycan xalqının dözümü sonsuz deyildir və öz torpaqlarının işğalı ilə heç bir zaman barışmayacaqdır”,- deyə səfir vurğulayıb.

Daha sonra mərasim iştirakçıları Xocalı soyqırımına həsr olunmuş sənədli filmə tamaşa ediblər.

Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanan “Xocalı soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunub, həmçinin tədbir iştirakçıları Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostend ilə tanış olmuşlar.

Yuxarıda göstərilənlərlə yanaşı, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Belə ki, Xocalı Soyqırımı barədə ərəb dilində hazırlanmış press-reliz Küveytdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə göndərilib. Fevralın 23-də Küveytdə ərəb dilində gündəlik nəşr edilən "Əl-Vasat", "Əl-Nahar" qəzetlərində və "Dasmannews" elektron xəbərlər portalında "Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi Xocalı soyqırımının 28-ci ildönümünü qeyd edir", "Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin kütləvi informasiya vasitələrinə bəyanatı", həmçinin "Əl-Nahar" qəzetində "Küveytin ölkəmizə verdiyi dəstəyini yüksək qiymətləndiririk" başlıqlarında məlumatlar nəşr etdirilib. Həmçinin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Bəyanatı Küveytin Parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib.

Eyni zamanda, bildiririk ki, 2020-ci il fevralın 9-da, 11-də və 13-də Küveyt Universitetinin Neft və Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Universitetdə təhsil alan 30-a yaxın əcnəbi ölkənin tələbələri tərəfindən mədəniyyət festivalı keçirilib.

Festivalda iştirak edən tələbələr öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxi və s. barədə materiallar nümayiş etdiriblər. Həmin mədəniyyət festivalı çərçivəsində, ölkəmizi səfirliyin dəstəyi ilə qeyd olunan universitetin "Ərəb dili" fakültəsində təhsil alan tələbəmiz Neymət Məmmədov təmsil edib. Festival çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "The Series of The True Facts about Garabagh" kitablar toplusu, "Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi", "Xocalı Soyqırımı" kitablarının ərəb dilində çap olunmuş variantı, ingilis dilində "İn search of a solution" və “Xocalı- XX əsrin soyqırımı” kitabları, eyni zamanda, "Tragedy of Khojali" broşürü nümayiş etdirilib və ziyarətçilərə paylanılıb.