06 iyul 2020 13:22
1212

Laqeydlik, səhlənkarlıq yerinə məsuliyyət, dözüm və əzm nümayiş etdirək!

Koronavirusdan həm qorunaq, həm də qoruyaq

 

Bəşəri bəla olan koronavirusla  mübarizədə dövlətimiz genişmiqyaslı, operativ və profilaktik bütün zəruri tədbirlər həyata keçirib.   Koronavirusla mübarizədə təbliğat və maariflədirmə  mexanizmi də ciddi tətbiq edilməli, epidemiyanın yayılması səviyyəsinə uyğun olaraq aparılmalıdır. Çünki koronavirus pandemiyası bütün dünyanı cənginə alsa da, təəssüf ki, hələ inanmayanlar, mübarizə tədbirlərinə, karantin qaydalarına, qadağalarına əməl etməyən insanlar var. Onlar təkidlə koronavirusun olmadığını söyləyərək cəmiyyətə bir nizamsızlıq, məsuliyyətsizlik, səhlənkarlıq toxumu səpirlər. Amma bu toxum cücərəndə verdiyi “barın” nə olacağını heç cür anlamırlar?

Bəşəri bəla ilə mübarizədə Azərbaycan nəinki geridə qalmadı, əksinə dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəyərləndirilərək təşəkkür məktubları aldı, koronavirusla mübarizə nümunəvi ölkə statusunu qazandı. Görünən odur ki, 4 aya yaxındır ki, dövlətimiz bu mübarizə yolunda vətəndaş amilini, insan sağlamlığı və rifahı prioritet deviz kimi müəyyənləşdirdi. Gözəgörünməz düşməndən humanizm və tolerantlıq prinsiplərini qoruyaq müdafiə olundu.

İndi sual doğuran məqam odur ki, niyə tətbiq olunan sərt və ciddi karantin rejimində yoluxma halları artır?

Doğrudur, yoluxma hallarında növbəti artım təkcə Azərbaycanda baş vermir, bir çox ölkələrdə yenidən ciddi karantin tədbirləri həyata keçirilir.  Bir çox ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma saylarının artımı ilə üzləşiblər. Burada məsələ ondadır ki, karantin rejiminin nə qədər sərt olması onun həyata keçirilməsindən asılıdır. Əgər insanlar qaydalara əməl etməsə, arzuolunan nəticəni əldə etmək mümkün olmayacaq.

Çox təəssüf ki, virusa inanmayan, gözardı yanaşan, ciddiyə almayan şəxslər var.  “Mən inanmıram”, “virus yoxdur”, “korona mənə nə edə bilər ki…” kimi pafoslu çıxışlar etməkdənsə lazımdır ki, görülən tədbirlərə sən də  bir şəkildə insanlıq və vətəndaşlıq borcu olaraq öz töhfəni verəsən. Hər kəs özünə sual verməlidir ki, pandemiya ilə mübarizədə mən nə etmişəm? Bu sualın çox cavabı ola bilər, amma bütün cavablar bir cavabdan başlayır: qaydalara, tələblərə  və qadağalara doğru- düzgün əməl etmək!

Həyata keçirilin karantin qaydalarına niyə əməl etməyək? Məqsəd nədir? Yoluxmaq və yoluxdurmaq?  Yüzlərlə insanın  həyatını, sağlamlığını riskə atmaq? Aydındır ki, sizin üçün bu virus yoxdur, inandırıcı gəlmir. Bəs yaşamaq istəyən, pandemiya ilə mübarizə aparan, qorunan şəxslərə niyə imkan vermirsiniz? Karantin qaydalarına riayət etmək bu qədərmi ağır və çətin gəlir? İnan ki, xəstəxana otaqlarında, reanimasiyada, süni tənəffüs aparatı ilə sonunun nə olacağını bilmədən mübarizə aparmaq, ailəndən, yaxınlarından uzaqlaşmaq daha ağır və dözülməzdir. Ona görə də çox gec olmadan, bu  bəlaya tutulmadan özünümü qoruyaq. Karantin qaydalarına, qoyulan qadağalara əməl edək. Koronavirusla mübarizədə qoyulan tələblər heç xərc və ya əziyyət tələb etmir. Sadəcə 3 mühüm şərtə əməl etmək lazımdır: maska, sosial məsafə və gigiyena.

İctimai nəqliyyat vasitələrində, qapalı məkanlarda, mağaza və supermarketlərdə mütləq şəkildə tibbi maskalardan istifadə olunmalıdır. Kimin xəstə, kimin sağlam olduğunu bilmədiyimiz üçün özümüzü və sağlamlığımızı hər kəsdən qorumalıyıq. Bu zaman ən yaxın köməkçimiz məhz tibbi maskalardır. Gigiyenik qaydalara əməl etməklə tibbi maska taxmaq  önəmlidir. Cərimələrə görə deyil də, sağlamlığımız üçün maska taxmağı özümüzə borc bilməliyik. Cərimənin miqdarından deyil də, koronavirusundan ehtiyat etmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu xəstəlik bəzən hansısa şəxslərdə simptomsuz müşahidə edilir, yəni bizim kənardan sağlam kimi zənn etdiyimiz insanlar əslində, real koronavirus daşıyıcısı ola bilərlər. Məhz belə məsuliyyətsiz şəxslər maska taxmadıqda və ya ondan düzgün istifadə etmədikdə virusun ətrafa yayılma riski dəfələrlə artır. Hər bir Azərbaycan vətəndaşı bu problemin ciddiyyətini başa düşərək lazımi qaydalara əməl etməlidir.

İnsanların çox olduğu məkanlarda, ictimai yerlərdə, ictimai nəqliyyat vasitələrində, park və xiyabanlarda, market və ictimai iaşə obyektlərində, növbələrdə  sosial məsafəni mütləq qorumalıdır. Sosial məsafəni gözləsək, virusa yoluxma riskindən ilk növbədə özümüzü, həm də ailəmizi və yaxınlarımızı qorumuş olarıq. İnsanlar arasında sosial məsafə 1.5-2 metr olmalıdır. İctimai nəqliyyat vasitələrində də seyrək şəkildə əyləşmək lazımdır.

Koronavirusla mübarizə dönəmində əllərimizin təmizliyinə daha da çox diqqət yetirməliyik. Xüsusilə evə daxil olduqda heç yerə toxunmadan, təmas etmədən  əllərin dezinfeksiyaedici məhlullar, sabun vasitəsilə  ən azı 30 saniyə- 1 dəqiqə ərzində yuyulması zəruridir. Əlləri təmizləmədən ağız, burun, üz, göz və gözətrafı hissələr toxundurmaq olmaz. Əlləri yuyan zaman nisbətən isti suyu ilə xüsusilə barmaq uclarının və kənarlarının diqqətlə yuyulması vacibdir. Əlləri ictimai nəqliyyatdan istifadədən, əl təmasından sonra da mütləq şəkildə tibbi spirtlə təmizləmək lazımdır.

Hər gün kütləvi informasiya vasitələrindən verilən statistik məlumatlar belə kritik dönəm ciddi narahatlıq səbəbi olmalıdır. Çünki yoluxanların sayı 590-a, vəfat edənlərin sayı 9-a qalxmaqla ölkə üzrə pik səviyyə deməkdir. Bu rəqəmlər hər bir azərbaycanlını həyəcanlandırmalı, məsuliyyətini dərk etməsinə təkan verməlidir. Ona görə də bu rəqəmlərin, statistikanın içindən sizin, ailənizin, yaxınınızın da olmasını istəmirsinizsə, məsuliyyətli olun. Koronavirusdan qorunun, qoruyun,  əzmkar, ehtiyatlı və diqqətli olun. Siz əgər bütün bunları özünüzdə vahid şəkildə cəmləşdirsəniz mümkün deyil ki, koronavirus bunlardan güclü olub, qalib gələ bilsin.

Hər kəs davamlı olaraq koronavirusla bağlı bütün rəsmi xəbərləri, statistik məlumatları, koronavirusla bağlı maarifləndirici videoçarxları izləməlidir ki, özündə informasiya dolu müdafiə bazası formalaşdıra bilsin. Çünki bu da profilaktik tədbirlərin bir hissəsidir. Ona görə də sosial şəbəkələrin gündəmini yalan-yanlış məlumatlarla məşğul etmək, insanları səhv istiqamətləndirmək, koronavirusla mübarizəni çətinləşdirmək yerinə yaxşı olar ki, hər kəs maarifləndirici xəbərlər paylaşsın. Tibbi maskadan istifadənin zəruriliyi, sosial məsafənin qorunması, sanitar-gigiyena qaydalarına əməl edilməsi ilə bağlı videoçarxlar hazırlansın, təbliğat aparılsın. Qaydalara riayət etməyən, qanunu pozan şəxslər təkcə cərimə olunmaqla yaxasını qutarmasın. İctimaiyyət tərəfində həm real, həm də virtual qınağa tuş gələrək görsün ki,   hansı təhlükəyə, necə böyük risklərə səbəb olur. Bəlkə o zaman həm qayda pozanlar, həm virusa inanmayaraq məsuliyyətsizlik edənlər həm utanar, həm səhvlərini başa düşərlər.

Koronavirusla mübarizədə vacib məqamlardan biri də virusa qarşı mübarizə aparmaq yerinə səhlənkarlıqla cavab verənlərin ictimai qınağa məruz qalmasıdır. Onların laqeydliklərinin həftələrlə karantin rejiminin, özünütəcrid rejiminin uzanmasına səbəb olduğunu onlara bildirmək lazımdır. Polis on milyon əhaliyə həmişə və hər yerdə nəzarət edə bilməz. Nəzarəti vətəndaşlar etməlidir; əvvəl özünə, sonra bir- birinə. Vətəndaşlardan kiminsə sosial məsafəni qorumamasını, tibbi maska taxmamasını,  sanitar-gigiyena qaydalarına əməl etməməsini görüb, özümüzü qırağa çəkib, maskamızı bərkidib, dezinfeksiya məhsullarından istifadəni artırmaqla əldə edəcəyimiz nəticə  tam uğurlu olmayacaq. Çünki, koronavirus bir nəfərin deyil,  bütün bəşəriyyətin, dünyanın problemidir. Bir şəxsin məsuliyyətsizliyi, neçə-neçə insanı uçuruma doğru aparır, həyatını riskə atır. Odur ki, koronavirusla mübarizədə hər kəs şəxsi və sosial məsuliyyətini, insanlıq və vətəndaşlıq borcunu yerinə yetirərək mümkün qədər koronavirusdan qorunmalı və qorumalıdır.

 

Yaqut Ağaşahqızı, “İki sahil”