28 iyul 2020 21:17
293

Latviyada Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib

Ölkəmizin Latviyadakı səfirliyində bu ölkədəki Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri bölmələrinin törətdikləri təxribatlar, mülki şəxslərin hədəfə alınması məsələləri müzakirə edilib.

Düşmənin bu təxribatlarına qarşı nümayiş etdirilən yüksək vətənpərvərlik əzmi, soydaşlarımızın etiraz nümayişləri və avtomobil karvanından ibarət yürüşünə görə təşəkkür edən səfir ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında bütün qüvvələri səfərbər edilməsinin vacibliyini bildirib. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələri və bütün dünya azərbaycanlılarına müraciətlərini bir daha diqqətə çatdıran səfir həmvətənlərimizi xalqımızın və dövlətimizin mənafeyi naminə sıx birləşməyə çağırıb. O, səfirliyin diaspor təşkilatlarımızın bu istiqamətdəki fəaliyyətinə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

“Azəri” təşkilatının sədri Ulduzxan Əhmədov diasporumuzun daha mütəşəkkil təşkilatlanması və fəaliyyətinin əlaqələndirilməsinə dair təkliflərini səsləndirib.

Azərbaycan diasporunun tanınmış nümayəndələri Rafiq Seyfullayev, Adıgözəl Məmmədov diaspor fəaliyyətinin təkmilləşdiriliməsi, bu xüsusda soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsinin önəmindən danışıb, rəy və təkliflərini bildirib, bu sahədə lazımi dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıblar.

Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvləri Elnur Rəhimov və Amil Səlimov Azərbaycan həqiqətlərinin Latviya və dünya ictimaiyyətinə çatdırılmasında istiqamətində həlli vacib olan bağlı təkliflər irəli sürüb.

Müzakirələrdə bu ölkənin reklam bazarında, o cümlədən nüfuzlu media qurumlarında və sosial şəbəkələrdə təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Latviyadakı Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Diaspor təşkilatlarının işinə uğurlar arzulayan Cavanşir Axundov səfirliyin onlara daim dəstək göstərməyə hazır olduğunu deyib.