20 noyabr 2019 19:48
878

Lavrovun bəyanatları Ermənistanın Dağlıq Qarabağ siyasətinə güclü zərbə vurdu

“Rusiya Federasiyasının Xairici İşlər naziri Sergey Lavrov Yerevanda mətbuat konfransında iştirak etdi. Həmin konfransda nəinki erməni, hətta Rusiyadan gələn jurnalistlər də Dağlıq Qarabağ münaqişəsi məsələsini diqqətdə saxladılar. S.Lavrov bildirdi ki, danışıqlarda iştirakçıların tərkibini tərəflər müəyyənləşdirməlidir. Başqa sözlə, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirakına rəsmi Bakı konsensus verməlidir. Bakının konsensusunu almaq üçün isə rəsmi Yerevan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlara qoşulması məsələsini aktuallaşdırmalıdır”.

Bu fikri noyabrın 20-də Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi “Qarabağ saatı” adlı növbəti mətbuat konfransında bildirdi.

M.Əhmədoğlu qeyd etdi ki, S.Lavrov Dağlıq Qarabağın danışıqlardan tərəf olaraq uzaqlaşdırılmasının səbəbi kimi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı göstərdi: “Bu, S.Lavrovu tanımaq üçün kifayət qədər vacib məqamdır. S.Lavrov üçün Rusiya Prezidenti Vladimir Putinin mövqeyini unutmaq çətin deyil. Yaxud da S.Lavrov ciddi mövqe formalaşdırmağı prioritet hesab etməyən bir diplomatdır. O, Ermənistanın baş naziri N.Paşinyana iqtibas etdi. Amma N.Paşinyanın dediklərinin mahiyyətini dəyişdirdi. Dağlıq Qarabağın taleyini Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan həll etməlidir. N.Paşinyana görə isə Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları müəyyən etməli idi. S.Lavrov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Helsinki Yekun Aktının prinsiplərinin ardıcıllığını özünəməxsus şəkildə təqdim etdi. Birinci yerdə ərazi bütövlüyü, ikinci yerdə xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipini, üçüncü yerdə güc tətbiq etməmək və ya güc tətbiqi ilə hədələməmək prinsipini ortaya qoydu. Beləliklə, Lavrovun bəyanatları Ermənistanın Dağlıq Qarabağ siyasətinə güclü zərbə vurdu. ATƏT-in Minsk qrupunun bütün sənədlərində birinci yerdə güc tətbiq etməmək, ikinci yerdə ərazi bütövlüyü prinsipi, üçüncü yerdə isə xalqların öz müqəddəratını təyinetmə prinsipidir”.

Politoloqun sözlərinə görə, Ermənistan üçün güc tətbiq etməmək prinsipinin birinci yerdə olması çox vacibdir: “Helsinki Yekun Aktı prinsiplərinin ardıcıllığı Ermənistan üçün hədsiz dərəcədə siyasiləşmiş mövzu olub. İllər boyu Ermənistan heç vaxt ərazi bütövlüyü prinsipini ikinci yerdə göstərməyib, üçüncü yerdə göstərib”.

Cavid Əkbərov, “İki sahil”