06 noyabr 2019 20:17
113

Lənkəranda bir gündə 2000 ağac əkiləcək

Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə lənkəranlılar da böyük həvəslə qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonda ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görülür. Kampaniya çərçivəsində rayon ərazisində bir gündə 2 min ağac tinginin əkilməsi nəzərdə tutulub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev AZƏRTAC-a müsahibəsində bildirib ki, bu nəcib təşəbbüslə əlaqədar rayonda qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib.

Lənkəran şəhərinin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində müxtəlif növ həmişəyaşıl ağac tinglərinin əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə artıq hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib və sahələr əkinə tam hazırlanıb.

M.Babayev dünyada ekoloji tarazlığın pozulduğu bir vaxtda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsünün filosof-şair Nəsiminin irsinin geniş təbliği ilə yanaşı, həm də ekoloji mühitin daha da sağlamlaşdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bakı-Astara magistral yolunun hər iki tərəfində yaşıllıq zolağı salınacaq. Bununla həm yol kənarı gözəlləşəcək, həm də ətraf mühitin sağlamlaşmasına öz töhfəmizi verəcəyik. Xəzər dəniz sahili boyunca əkəcəyimiz ağaclar isə təkcə lənkəranlıların deyil, rayona gələn turistlərin də istirahət məkanına çevriləcək”.