21 noyabr 2019 15:00
955

Lənkəranda regional konfrans

Lənkəran şəhərində “eTwinning” layihəsi çərçivəsində “Layihə yönümlü təhsil” mövzusunda regional konfrans keçirilib.

Konfransda Lənkəran Şəhər Təhsil İdarəsinin müdiri Aslan İbrahimov, müdir müavini Güloğlan Bağırov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova, şəhər və bölgələrdən 60 nəfər müəllim iştirak edib.

Tədbirin keçirilməsində məqsəd müasir tədris metodologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsi, layihə əsaslı tədrisin müzakirəsi, müəllimlərin bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi, “eTwinning” layihəsinin ölkə üzrə əhatə dairəsinin genişləndirilməsi olub.

3 gün davam edən tədbirdə müəllimlər tərəfindən 5-i beynəlxalq olmaqla, 14 yeni layihə yaradılıb.  Konfrans çərçivəsində təlimlər təşkil olunub. Daha öncə Avropada təlimlərdə iştirak edən müəllimlər öz təcrübələrini paylaşıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda tədbirdə iştirak edən müəllimlər sertifikatlarla təltif olunub.

Qeyd edək ki, Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulub. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.