09 fevral 2020 21:47
1019

Lənkəranda tank əleyhinə 9 ədəd mina tapılıb

Fevralın 9-da saat 10:52-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində 9 ədəd TM-62 markalı tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-nın verdiyi məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 9 ədəd tank əleyhinə TM-62M minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tank əleyhinə minaların ətrafında 1000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.