09 avqust 2020 00:53
1036

Livanda etirazçılar zəbt etdikləri XİN-in binasından çıxarılıblar

Beyrutda etirazçılar tərəfindən zəbt olunmuş Livan Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alan hərbçilər onları binadan çıxmağa məcbur edə bilib.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, əsgərlər içəri daxil olaraq etirazçıları oradan qovublar. Bundan başqa, hərbi bölmələr Energetika Nazirliyi binasına da cəlb olunub və orada hər kəsdən binanı könüllü olaraq tərk etmələri tələb edilib.

Bundan bir qədər əvvəl isə “Al Mayadeen” telekanalının verdiyi xəbərə görə, hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı bir qrup insan Livan nazirliklərinin binalarına daxil olaraq orada sənədləri məhv ediblər. Telekanalın verdiyi məlumata görə, “nazirlik binalarına daxil olduqdan sonra insanlar ilk növbədə oradakı sənədləri məhv ediblər”.

“1992-ci ildən bəri korrupsiya ilə əlaqəli sənədlərin məhv edilməsi üçün bir plan irəli sürülüb”, - deyə telekanala bir mənbə bildirib.

Qeyd edək ki, son bir saat ərzində Beyrutun mərkəzində etirazçılar bir sıra nazirliklərin – qərargah qurduqları Xarici İşlər Nazirliyinin, habelə İqtisadiyyat, Ətraf Mühit və Energetika Nazirliklərinin binalarını zəbt ediblər. Bundan əlavə, Livan Banklar Assosiasiyasının qərargahının ələ keçirildiyi bildirilib. “Al Arabiya” telekanalının verdiyi məlumata görə, bina yandırılıb, digər bir məlumata görə, gözyaşardıcı qaz vasitəsilə etirazçılar oradan uzaqlaşdırılıb.