10 oktyabr 2019 17:45
148

London Qərbi Avropanın kokain paytaxtı adlandırılıb

London sakinləri hər gün təxminən 23 kiloqram saf kokaindən istifadə edirlər. Bu göstəriciyə görə Böyük Britaniya paytaxtı Avropa dövlətlərinin reytinqində birinci yeri tutur.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, London Kral Kollecinin tədqiqatı əsasında tərtib olunan cədvələ əsasən, Londonun ardınca gələn şəhərlər ondan xeyli geri qalır: Barselonada bu göstərici 12,74 kiloqram, Amsterdam və Berlində isə 4,62 kiloqramdır.

Analiz kokainin insan tərəfindən istifadəsi nəticəsində əmələ gələn benzoilekqonin kanalizasiya sularında miqdarını tədqiq edən kriminalist ekspertlər tərəfindən aparılıb. Mütəxəssislərin hesablamalarına görə, London əhalisi il ərzində səkkiz tondan çox təmiz kokaindən istifadə edir.

Böyük Britaniyanın kokain bazarı bir milyard funt-sterlinq həcmində qiymətləndirilir. Burada kokainin bir dozasının qiyməti 2,75 funt-sterlinqdir və London küçələrində hər gün yarım milyon kokain dozası satılır.