27 fevral 2020 21:38
1404

Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Böyük Britaniyanın paytaxtı Londondakı Azərbaycan Evində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbir Xocalı soyqırımı haqqında sənədli filmlərin nümayişi ilə başlayıb.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Evinin sədri Əli Təkin Atalar 28 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı amansızlıqla həyata keçirilən cinayət haqqında məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb. O, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalının qəbuledilməz olduğunu deyib, cinayətkarların beynəlxalq məhkəmədə mühakimə olunmasının əhəmiyyəti haqqında danışıb.

Sonra Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Tamara Draqadze Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb.

Britaniyalı jurnalist Neil Vatson çıxışında Xocalıda törədilən hadisələrin Azərbaycan xalqına qarşı ədalətsizlik olduğunu bildirib. O, ümumiyyətlə Qarabağ müharibəsindən sonra bir milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin düşdüyünü qeyd edib.

Daha sonra çıxış edən azərbaycanlı tələbə Mirkazım Seyidzadə gənc nəslin Xocalıda baş verən hadisələri unutmayacağını söyləyib.

Mərasim tarzən Rafiq Rüstəmovun ifası ilə yekunlaşıb.

Tədbirdə Britaniyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, türk və xarici diasporların üzvləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər. //AZƏRTAC