19 noyabr 2019 17:38
683

Luis Enrike yenidən İspaniya millisində

Luis Enrike yenidən İspaniya millisinə rəhbərlik edəcək.

“Report” xəbər verir ki, bu barədə sports.es saytına İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales bildirib.

Onun sözlərinə görə, 49 yaşlı mütəxəssisin dönüşü öncədən nəzərdə tutulub: “Doğrunu bilməyiniz vacibdir. Baş verənləri deyim. Bu gün Luis Enrikenin milliyə qayıtdığını təsdiq edə bilərik. 19 iyunda Robert Moreno ilə görüşdük. Həmin vaxt onunla bağladığımız müqavilədə Luis Enrike geri dönə biləcəyi təqdirdə, yenidən millinin baş məşqçisi olacağına dair bənd vardı. Bu məsələdə heç kim özünü aldanmış kimi hiss edə bilməz”.

Qeyd edək ki, L.Enrike sentyabrda sümük xərçəngindən vəfat edən 9 yaşlı qızı Ksananın səhhətində problem yarandığı üçün iyunda İspaniya millisini tərk etmişdi. Həmin vaxtdan AVRO-2020-yə vəsiqə qazanan komandaya Robert Moreno rəhbərlik edirdi.