23 may 2019 11:15
338

M5 magistralının Xaldan-Şəki hissəsi yenidən qurulur

Avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən bu yolda təmir-tikinti işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, M5 magistralının 46 kilometrlik hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun ümumi eni 15 metr olmaqla buraya 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yolboyu mobilizasiya işləri aparılır, tikinti sahəsi təmizlənir, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur.

Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılacaq. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunacaq. Bunun ardınca isə ələqələdirici bitum səpilməklə 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 kilometrlik yolboyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Körpülər yolun 1,8-ci kilometrində Alıcançay, 9,5-ci kilometrində Şirvan kanalı və 35,6-cı kilometrində Dəhnəçay üzərində inşa olunacaq. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edəcək. Artıq körpülərin inşası istiqamətində də hazırlıq işlərinə başlanılıb.

Bundan başqa, köhnə suötürücü boruların yenilənməsi işləri çərçivəsində yolboyu müxtəlif diametrlərə malik 87 borunun inşası nəzərdə tutulur ki, bunlardan 8-i düzbucaqlı su keçidləridir. Artıq bir-neçə ərazidə suötürücü boruların inşası işlərinə də başlanılıb. Layihəyə əsasən, yolboyu 7 nöqtədə yeraltı keçidin inşası, 32 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazimçay üzərindən keçməklə Gürcüstün sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 kilometr uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.

Ötən il sözügedən magistralın 40 kilometr uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.