17 mart 2020 20:28
1031

Maaşların və pensiyaların yenidən artırılması gündəmdədir

Sosial islahatlar 2020-ci ildə də davam etdiriləcək

Bu gün ölkəmiz üçün prioritet məsələ odur ki, dünyadakı iqtisadi və siyasi böhrana rəğmən sosial islahatlar bundan sonra da davam etdirilsin. Prezident İlham Əliyev martın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bildirib ki, sosial sahədə aparılan islahatlar bu il də davam etdiriləcək: “Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Xüsusilə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırıldı, çox böyük sosial paket icra edildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir.”

Dövlətimizin başçısı ölkə vətəndaşlarının  sosial-rifahının daha da yüksələcəyinin anonsunu da verib: “Bu il bu istiqamətdə növbəti addımlar atılır və atılacaq. Pensiyaların artırılması təmin edildi. Bu, bir daha onu göstərir ki, ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır.”

Qeyd edək ki, 2019-cu ildə həyata keçirilən çox geniş sosial islahatlar paketinin önəmli bir istiqaməti məhz pensiyalar idi. Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min vətəndaşın pensiyasında ciddi şəkildə artım olub. Nəticədə minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşıb.  Bundan başqa, əməkhaqqı və xüsusi şərtlərlə pensiya alan 90 min nəfərin pensiyası orta hesabla 31 faiz artıb ki, bu da ümumilikdə ötənilki sosial paketdə 750 mindən çox insanı əhatə edib.

2020-ci ildə digər önəmli hadisə isə bütün pensiyaların 16,6 faiz indeksləşdirilməsi olub. Bunun nəticəsində Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərinə yüksəlib. Vurğulamaq lazımdır ki, son islahatlara görə, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarıa əlavə olaraq 560 milyon manat vəsait ödəniləcək.

Azərbaycanın sosial siyasətində ünvanlı sosial yardım məsələsi də yeni metodlarla ayrılmağa başlanılıb. Xüsusilə Prezident İlham Əliyevin göstərişi ilə bu istiqamətdə kriteriyalar yumşaldılıb. Nəticədə əgər  2019-cu ilin əvvəlində 40 min ailə bu proqramdan yararlanıbsa, ilin sonunda artıq ailələrin sayı 72 min olub.

Yəni, bir il ərzində çox ciddi şəkildə, təqribən 60-70 faizlik bir artım əldə edilib. Digər tərəfdən, bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır. Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir.

Paralel olaraq ehtiyac meyarının bir il ərzində ciddi şəkildə - 10 faizdən çox artırılması, 143 manatdan 160 manata çatdırılması imkan verib ki, ünvanlı sosial yardımın məbləği də artsın. Əgər 2018-ci ildə ünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il 200 manata çatıb. ƏƏSMN-in proqnozlarına görə,  cari ildə bu rəqəm 215-220 manat arasında olacaq.

2019-cu ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə  934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə 1500 mənzil və fərdi evin tikilib verilməsi nəzərdə tutulur.  Builki proqramın icrası nəticəsində 2014-cü ilə qədər növbəyə duran insanların sayı 1500-ə düşəcək.

Diqqətçəkən faktdır ki, 2004-cü ildən bu günə qədər respublikada ümumi daxili məhsul 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 isə dəfə artıb. On altı il ərzində ölkə iqtisadiyyatına  260 milyard dollar investisiya qoyulub. 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün 52 milyard dollardan çoxdur. Hətta bu illərdə Azərbaycan dövləti investisiya yatırılan ölkədən investisiya yatıran nüfuzlu ölkəyə çevrilib. Təbii ki, bunlar sadəcə rəqəmlər deyil, hər bir ölkə vətəndaşının həyatında hiss etdiyi sosial firavanlıqdır.  Şübhəsiz ki, bu islahatların əsasında Azərbaycan vətəndaşının maraqları və onun rifah halının yaxşılaşdırılması, həmçinin sosial ədalət və humanizm prinsipləri durur. Digər sahələrdə də həyata keçirilən islahatlar, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərilən səylər onu deməyə əsas verir ki, bunlar ölkəmizin bundan sonra da dinamik inkişaf etməsinə və yoxsulluğun daha da azalmasına səbəb olacaq.

Elçin Zaman, “İki sahil”