12 noyabr 2019 17:32
149

Macarıstan: 2019-cu ildə investisiya və ixracat rekord səviyyəyə çatıb

Bu barədə Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ölkənin parlamentində çıxış edərkən bildirib. Onun sözlərinə görə, ilin ilk on ayı ərzində 62 iri müqavilə imzalanıb. Bu layihələrin həyata keçirilməsinə yardım məqsədilə bu müqavilələrə ölkə xəzinəsindən daha 129 milyard forint (386 milyon avro) əlavə olunub. Yeni layihələrin 9682 yeni iş yerinin açılmasına səbəb olacağı gözlənilir.

Yatırımlara ümumilikdə 3 milyard avro həcmində elektron mobillik (“e-mobility”) sahəsində Cənubi Koreya şirkəti ilə 10 layihə və Yaponiya şirkətləri ilə 4 layihə daxildir. Nazir, həmçinin hökumətin investisiyaların təşviqi sxeminin köməyi ilə yeni iş yerlərinin artırılması barədə xəbər verib.

Siyarto Macarıstan ixracatının səviyyəsini də yüksək qiymətləndirib: 2018-ci ildə ixracat 104,8 milyard avroyadək yüksəlib ki, bunun da nəticəsində Macarıstan dünyanın ildə 100 milyard avro həcmində ixracata malik 35 ölkəsi sırasına qoşulub. 2019-cu ilin ilk 8 ayında ixracat 72,2 milyard avro təşkil edib. Bu, ötən illə müqayisədə 4 faiz çoxdur. Nazirin fikrincə, Macarıstan ilin sonunadək “bütün milli ixracat illəri ərzində ən yaxşı nəticə” müəyyən edə bilər.