22 yanvar 2021 17:49
1085

Maddi-mədəniyyət abidələrinin dağıdılması bəşəri cinayətdir

Azərbaycan torpaqları 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qaldığından bu ərazilərdəki mülki əhaliyə məxsus evlər, infrastruktur obyektləri ilə yanaşı, tarixi, mədəni və dini abidələrimiz də daşnaklar tərəfindən vəhşicəsinə dağıdılıb. Hətta bir çox hallarda dini abidələrimiz təhqirə məruz qalıb.

Düşmənin ən çox dağıtdığı mədəni irs nümunələri sırasında isə İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri daha çox diqqət çəkir. Ermənistanın xüsusi əhəmiyyətə malik unikal abidələrimizə bu cür barbar münasibəti dünya irsinə qarşı yönələn təhdiddir. Bütün bunlar onu göstərir ki, Ermənistan xristianlığın dəyərlərini də qorumur. Belə ki, xristian dini dəyərlərində başqalarının məbədlərinə qarşı vandalizm heç vaxt müsbət qarşılanmır. Ümumiyyətlə, düşmənin müqəddəs yerlərə qarşı bu cür çirkin hərəkətləri nə dinə, nə də insanlığa sığır.

Rəsmi məlumata əsasən, işğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlar­dan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.  İşğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri- Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdam­da 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır.

Ermənilərin çirkin əməlləri onlar üçün heç bir müqəddəs dəyərin olmadığını göstərir. Buna baxmaya­raq onlar çox zaman Azərbaycanı dini dözümsüzlükdə ittiham edir, həyasızcasına bizi din savaşı aparmaqda suçlayırlar. Halbuki Azərbaycan həmişə tolerant və multikultural ölkə kimi tanınıb. Ölkəmizin ərazisində bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunub, məscidlərlə yanaşı, sinaqoqlar, yeni kilsələr inşa edilib. Hətta Bakı şəhərinin mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunan abidələr siyahısına salınıb. Ermənilər isə əksinə, İslam mədəniyyətinin incisi olan məbədləri dağıdıb, regionda dini müharibə məsələsini qızışdırmağa və bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə cəhd göstəriblər.

İşğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən maddi-mədəniyyət nümunələrinin düşmən ölkəyə daşınıl­ması faktı aşkarlanıb. Arxeoloji eksponatların oğurlanıb İrəvana aparılması təsdiqlənib. Düşmən bununla kifayətlənməyərək, işğaldan azad edilən ərazilər boşaldılarkən, həmin yerlərdə maddi-mədəniyyət nümunələrimizi məhv etməklə bərabər, torpaqları minalayır, hərbi hissələri dağıdır, yaşayış məntəqələrindən çıxarkən meşələri və evləri yandırır, hətta məktəblərə belə od vurmaqdan çəkinməmişlər.

Yeri gəlmişkən, Fransanın “Le Monde” nəşrində dərc edilən “Ruh­lar şəhəri” məqaləsində də erməni vandalizmindən bəhs edilir. Məqalədə deyilir: “Torpaqlarını geri qaytaran Azərbaycan Ordusunun qarşısına yalnız “ruhlar şəhəri” çıxır: Mərmilərlə “şumlanmış” səngərlər, dağıdılmış qəbiristanlıqlar, minalanmış ərazilər…”

Şübhə yoxdur ki, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan xalqının tarixi abidələri yenidən bərpa olunacaq, bəşəri sərvət kimi qorunub saxlanacaq. Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş şəhərlərimizi yenidən abadlaşdıracağıq, o kəndlərə qayıdacağıq: “Biz öz torpaqlarımızı yenidən abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq”. O an artıq yetişib...

Cavid Əkbərov, “İki sahil”